Səməd Bəşirli: "Azərbaycan qlobal bazarlara qısa müddətdə çıxışa malik multimodal çatdırılma sistemi formalaşdırır"
- 07 oktyabr, 2025
- 14:47

Yaxın gələcəkdə Zəngəzur dəhlizi Azərbaycanı Naxçıvanla birləşdirməklə nəqliyyat marşrutlarını daha da genişləndirəcək.
"Report" xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli "Alman-Azərbaycan İxracın Maliyyələşdirilməsi Konfransı 2025"in mərasimində deyib.
Onun sözlərinə görə, Şərq-Qərb və Şimal-Cənub marşrutlarının kəsişməsindəki mövqeyi sayəsində Azərbaycan nəqliyyat bağlantısından inkişaf strategiyası kimi istifadə edir.
"Biz dəmir yollarına, avtomobil yollarına, limanlara, hava limanlarına və rəqəmsal infrastruktura aktiv şəkildə investisiya yatırır, logistika xərclərini azaldır və bazarlara çıxışı sürətləndiririk", - nazir müavini bildirib.
S.Bəşirli vurğulayıb ki, sadələşdirilmiş gömrük prosedurları ilə dəstəklənən Orta Dəhliz artıq bu gün Avropa və Asiya arasında müntəzəm və etibarlı əlaqələri təmin edir.
"Yaxın perspektivdə Zəngəzur dəhlizi Azərbaycanı Naxçıvanla birləşdirməklə bu marşrutları daha da genişləndirəcək. Azad edilmiş ərazilərdə yeni müasir hava limanları, həmçinin yükaşırma qabiliyyəti tezliklə ildə 25 milyon tona çatdırılacaq Bakı Beynəlxalq Dəniz Limanının genişləndirilməsi, investorlar üçün daha qısa çatdırılma müddətini və bazarlara daha geniş çıxış təmin edən multimodal sistem formalaşdırır", - nazir müavini əlavə edib.