Azərbaycan millisinin baş məşqçisi: "Lüksemburqu məğlub etməyə gücümüz çatmadı"

Komanda
  • 01 dekabr, 2025
  • 12:01
Azərbaycan millisinin baş məşqçisi: Lüksemburqu məğlub etməyə gücümüz çatmadı

Kişi basketbolçulardan ibarət Azərbaycan millisinin 2029-cu ildə təşkil olunacaq Avropa çempionatının seçmə mərhələsində keçirdiyi ikinci oyunda, Lüksemburq üzərində qələbə qazanamağa gücü çatmayıb.

Bunu "Report"a açıqlamasında yığmanın baş məşqçisi Tahir Baxşıyev deyib.

Mütəxəssis oyuna pis başladıqlarını qeyd edib:

"Lüksemburqla oyuna pis başladıq. İstək var idi, ancaq rəqib uzaqdan atışlarda çox güclüdür. Bunun qarşısını ala bilmədik. Dördüncü periodda müdafiəni dəyişdim. Zona müdafiəsinə keçdik. Hansı ki, bir az riskli idi. Ancaq bu, təsirini göstərdi və oyunun "qırılma" məqamı oldu. Hesab arasında böyük hesab fərqi olsa da, rəqibə çata bildik. Ancaq sonda qələbə üçün gücümüz çatmadı. Matçın əvvəlindən belə başlasaydıq, əlbəttə, daha yaxşı nəticə qazanmaq olardı".

T.Baxşıyev əsas oyunçuların yoxluğunu da qabardıb:

"Şimali Makedoniyaya qarşı zəif oynamışdıq. Bəlkə də yığmada olduğum dönəmdə komandanın ən zəif oyunu idi. Buna baxmayaraq, uşaqlar göstərdilər ki, potensial var. Bilirsiniz ki, əsas oyunçularımızdan olan Orxan Hacıyev heyətdə yer almamışdı. O, komandaya böyük güc qatır. Endər Poladxanlının zədəsi yeni sağaldığı üçün formada deyil. Ancaq yenə də bir az oynamağa imkan verdik. Düşünürəm ki, gələcəkdə daha yaxşı oyun göstərəcəyik".

Qeyd edək ki, Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində Şimali Makedoniyaya 49:87, Lükemburqa isə 90:95 hesabı ilə məğlub olub.

Son xəbərlər

Bütün Xəbər Lenti