Səfir: Türk dünyası sahibkarlarının geniş əməkdaşlığı qurulub

Xarici siyasət
  • 19 noyabr, 2025
  • 10:35
Səfir: Türk dünyası sahibkarlarının geniş əməkdaşlığı qurulub

Türk dünyasının sahibkarları arasında geniş əməkdaşlıq qurulub.

"Report" xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün Azərbaycan HR İnsitutunun və Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının təşkilatçılığı ilə keçirilən "Women's Entrepreneurship Summit 2025" tədbirində deyib.

Onun sözlərinə görə, türk dünyasında qadınların ictimai-siyasi, iqtisadi sferada iştirakı və rolu artmaqdadır:

"Qadınlar hər zaman inkişafı yolunda böyük işlər görürlər. O cümlədən, Türkiyədə Əminə Ərdoğanın təşəbbüsləri ilə həyata keçirilən sosial layihələr türk cəmiyyətinə daim dəstək olub və nümunə göstərib. BMT-də də geniş dəstək qazanan və artıq dünya markasına çevrilən "Sıfır tullantı" layihəsi qadınların bu prosesdə xüsusi rolunu önə çıxaran nümunəvi təşəbbüs olaraq qəbul edilib".

Səfir Azərbaycanda qadınların ictimai-siyasi və işgüzar fəallığının artmasında Birinci vitse-prezident Mehriban Əliyevanın rolunu xüsusi qeyd edib:

"Azərbaycana yeni gəldiyimdə ölkədəki bu gözəlliyin necə yaradıldığını soruşduqda, birinci xanım Mehriban Əliyevanın adı xüsusilə çəkilirdi. Bildirirdilər ki, onun şəhərsalma sahəsinə, memarlıqla bağlı işlərə böyük dəstəyi var. Özüm də bunu müşahidə etdim, hazırda Qarabağda həyata keçirilən işlərdə də bunun şahidiyəm. Deməli, biz türklər olaraq böyük təşəbbüskarlıq ruhunu içimizdə daşıyırıq".

B.Akgün vurğulayıb ki, bu dinamizm türk dövlətlərinin gələcəyə daha inamla irəliləməsi baxımından çox əhəmiyyətlidir:

"Bu məqsəd üçün hamımız birlikdə daha çox çalışmalıyıq. Hazırda türk dövlətləri birlikdə hərəkət edir, əlaqələr gücləndirilir. Həmçinin türk dünyası sahibkarlarının geniş əməkdaşlığı qurulub. Bu çərçivədə qadınların aktivliyi də qeyd olunmalıdır".

Son xəbərlər

Bütün Xəbər Lenti