Səfir: Cənubi Koreya Bakının regionda davamlı sülhə nail olmaq əzminin şahidi oldu

Xarici siyasət
  • 07 oktyabr, 2025
  • 20:21
Səfir: Cənubi Koreya Bakının regionda davamlı sülhə nail olmaq əzminin şahidi oldu

Koreya Respublikası Cənubi Qafqazda sülh prosesini böyük maraqla izləyir.

"Report" xəbər verir ki, bunu Cənubi Koreyanın Azərbaycandakı səfiri Kan Kim Qu ilk Koreya dövləti olan Koçosonun yaradılmasının 4358-ci ildönümünə həsr olunmuş tədbirdə deyib.

O, Cənubi Koreyanın Azərbaycandakı diplomatik missiyasının Bakının regionda davamlı sülhə nail olmaq əzminin şahidi olduğunu bildirib.

"Koreya yarımadasında təhlükəsizlik və sabitliyin təmin edilməsi istiqamətində daim çalışan ölkə kimi Koreya Respublikası regionda sülh prosesini böyük maraqla izləyir", - səfir vurğulayıb.

Diplomat qeyd edib ki, Azərbaycana gələn koreyalıların sayının artması sevindiricidir. Onun sözlərinə görə, 2025-ci ilin avqust ayına qədər artıq 10 mindən çox koreyalı turist ölkəyə səfər edib.

Kan Kim Qu azərbaycanlıların Koreya mədəniyyətinə və dilinə marağının artdığını da vurğulayıb: "Bakıda gəzərkən azərbaycanlılar məni tez-tez Koreya dilində salamlayırlar. İyirmi il əvvəl bu şəhərin küçələrində Koreya dilində salam eşitməyi ağlıma gətirməzdim, amma bu gün daha çox azərbaycanlı dostumuz Koreya mədəniyyətinə maraq göstərir".

Diplomatın sözlərinə görə, Azərbaycan-Koreya əlaqələri bir çox sahələrdə inkişaf edir.

"May ayında Azərbaycanın ən böyük ərzaq sərgisi olan "Caspian Agro-2025"də Koreyanın 10-dan çox kənd təsərrüfatı şirkəti iştirak edib. Azərbaycan Prezidenti İlham Əliyevin stendimizi ziyarət etməsi bizi xüsusilə sevindirdi", - deyən səfir iyul ayında İnha Universiteti ilə Bakı Mühəndislik Universiteti arasında ikili diplom proqramları üzrə diplom təqdimetmə mərasiminin də keçirildiyini diqqətə çatdırıb.

Sonda səfir Bakı ilə Seul arasında əlaqələrin daha da möhkəmlənəcəyinə ümidvar olduğunu söyləyib.

"Ümid edirəm ki, Koreya ilə Azərbaycan arasında əlaqələr əvvəlki kimi intensiv və dinamik inkişaf edəcək", - deyə Kan Kim Qu fikrini yekunlaşdırıb.

Son xəbərlər

Bütün Xəbər Lenti