Türkiyə MİT-in rəisi Misirdə Qəzza danışıqlarında iştirak edəcək - YENİLƏNİB
- 07 oktyabr, 2025
- 21:39

Türkiyənin Milli Kəşfiyyat Təşkilatının (MİT) rəisi İbrahim Kalın oktyabrın 8-də Misirdə keçirilməsi planlaşdırılan Qəzza atəşkəs danışıqlarında iştirak edəcək.
"Report" xəbər verir ki, bu barədə TRT təhlükəsizlik mənbələrinə istinadən məlumat yayıb.
Kalın danışıqlar üçün Şarm əl-Şeyxə gəlməzdən əvvəl ABŞ, Misir, Qətər və Fələstinin Həmas hərəkatının nümayəndələri ilə danışıqlar aparıb.
Oktyabrın 6-da axşam saatlarında Şarm əl-Şeyxdə İsrail və HƏMAS nümayəndə heyətləri arasında dolayı danışıqlar bərpa olunub. ABŞ danışıqlarda prezidentin xüsusi elçisi Stiven Uitkoff və Trampın keçmiş baş müşaviri Cared Kuşner ilə təmsil olunur.
Danışıqların ikinci günü artıq yekunlaşıb; vasitəçilərlə məsləhətləşmələr təxminən beş saat davam edib.
Türkiyə nümayəndə heyəti hazırda Misirin Şarm əl-Şeyx şəhərində davam edən Qəzza zolağında dolayı atəşkəs danışıqlarında iştirak etməyi planlaşdırır.
"Report" Rusiya KİV-ə istinadən xəbər verir ki, bu barədə "Əl-Qahirə əl-İhbariyyə" telekanalı məlumat yayıb.
Telekanalın mənbələrinin bildirdiyinə görə, Qətər, ABŞ və Türkiyədən nümayəndə heyətləri Sinay yarımadasına gəlməkdə davam edir və onların nümayəndələri məsləhətləşmələrdə iştirak edəcək.
Türkiyə nümayəndə heyətinin tərkibi hələlik açıqlanmayıb.