Əl-Hayya: HƏMAS-ın məqsədi Qəzzada atəşkəsə nail olmaq və girovların mübadiləsidir – YENİLƏNİB
- 07 oktyabr, 2025
- 22:36

HƏMAS hərəkatının Misirin Şarm əl-Şeyx şəhərində keçirilən danışıqlardakı prioritetləri Qəzza zolağında atəşkəsin əldə edilməsi və israilli girovların fələstinli məhbuslarla mübadiləsidir.
"Report" xəbər verir ki, bu barədə hərəkatın danışıqlar üzrə nümayəndə heyətinin rəhbəri Xəlil əl-Hayya Misirin "Əl-Qahira əl-İxəbariyyə" telekanalına açıqlamasında bildirib.
"Biz bura konkret məqsədlə gəlmişik: müharibəni dayandırmaq, məhbuslarımızı azad etmək və israilli girovları azadlığa buraxmaq. İsrailin təcavüzünün tamamilə dayandırılacağına dair zəmanətin əldə olunması vacibdir", – o vurğulayıb.
Misirdə HƏMAS və İsrail nümayəndələri arasında keçirilən danışıqların ikinci günündən sonra Fələstin hərəkatı israilli girovların fələstinli məhbuslarla dəyişdirilməsindən əvvəl atəşkəs əldə edilməsində israrlıdır.
"Report" xəbər verir ki, bu barədə Misirin "Al-Ghad" kanalı məlumat yayıb.
Mənbələrinin bildirdiyinə görə, vasitəçilərin də iştirak etdiyi bugünkü məsləhətləşmələr təxminən beş saat davam edib.
"Al Jazeera" HƏMAS-ın rəsmi nümayəndəsi Fauzi Barhuma istinadən Şarm əl-Şeyxdə davam edən danışıqlarda hərəkatın əsas şərtlərini təqdim edib.
O, bildirib ki, HƏMAS nümayəndə heyəti Qəzza xalqının istəklərinə cavab verən razılaşma əldə etmək üçün bütün maneələri aşmağa çalışır.
Hərəkat daimi və hərtərəfli atəşkəs, İsrail qoşunlarının Qəzza zolağından tamamilə çıxarılmasını, humanitar və ərzaq yardımlarına maneəsiz çıxışın təmin edilməsini, köçkünlərin öz evlərinə qayıtmasını və Fələstinin milli texnokrat hakimiyyətinin nəzarəti altında yenidənqurma prosesinin dərhal başlanmasını tələb edir. Bundan əlavə, hərəkat ədalətli məhbus mübadiləsi razılaşması tələb edir.