Səfir: Azərbaycana çoxlu sayda Belçika şirkətinin gəlməsi onların ölkəyə marağından xəbər verir
- 18 sentyabr, 2025
- 18:59

Təxminən bir il əvvəl Azərbaycana gəldiyim vaxtdan bəri ölkələrimiz arasında müxtəlif sektorlarda əməkdaşlığın genişləndirilməsi üçün əhəmiyyətli potensialın olduğunu gördüm.
Bunu "Report"a açıqlamasında Belçikanın Azərbaycandakı səfiri Jülyen de Frepon deyib.
"Son bir il ərzində enerji, nəqliyyat, logistika və dəniz sənayesi kimi sektorlarda fəaliyyət göstərən bir çox Belçika şirkətlərinin nümayəndələri Azərbaycana səfər ediblər. Bu, Belçika biznesinin Azərbaycana artan marağını nümayiş etdirir", - diplomat bildirib.
Səfir qeyd edib ki, Azərbaycan həm enerji təhlükəsizliyi baxımından, həm də Asiya ilə Avropa arasında ticarətdə Avropa üçün əsas tərəfdaşdır və ölkənin strateji mövqeyi Belçika şirkətlərinin regiondakı fəallığını böyük ölçüdə izah edir.
Jülyen de Frepon həmçinin nümayəndə heyətlərinin səfərlərinin təşkilinə kömək edən və iqtisadi əlaqələri gücləndirən Belçika-Azərbaycan Ticarət Palatasının (BELGAZERCOM) mühüm rolunu vurğulayıb.
"Məhz bu kimi təşəbbüslər sayəsində biz Belçika şirkətlərinin son səfərlərinin şahidi olduq və hesab edirəm ki, bu, ölkələrimiz arasında gələcək əməkdaşlıq üçün yüksək potensialı bir daha təsdiqləyir", - o əlavə edib.
Yüksək səviyyəli ikitərəfli səfərlərdən danışan səfir onların müntəzəmliyini və əhəmiyyətini qeyd edib.
"Təyin olunduğum gündən bəri artıq Baş nazirimizi COP29-da iştirak üçün Bakıda salamlamaq şərəfinə nail olmuşam. Digər yüksək səviyyəli nazirlər də Azərbaycana səfər ediblər. Bütün bunlar Belçika ilə Azərbaycan arasında əlaqələrin inkişafına dərin maraqdan xəbər verir", - deyə səfir fikrini yekunlaşdırıb.