Elçin Əmirbəyov İsveçrə tərəfini Azərbaycandakı genişmiqyaslı mina problemi barədə məlumatlandırıb
- 04 dekabr, 2025
- 12:57
Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov İsveçrəyə işgüzar səfəri çərçivəsində bu ölkənin xarici işlər üzrə dövlət katibi Aleksandr Fasel, eləcə də Milli Şuranın Xarici Əlaqələr Komitəsinin sədri Loran Verli və onun müavini Sibel Arslan ilə görüşlər keçirib.
"Report"un xəbərinə görə, görüşlər zamanı Azərbaycanla İsveçrə arasında ikitərəfli münasibətlərin mövcud vəziyyəti və perspektivləri ətraflı müzakirə olunub.
Tərəflər siyasi, iqtisadi və humanitar sahələrdə praktiki əməkdaşlığın daha da dərinləşdirilməsi, həmçinin parlamentlərarası əlaqələrin canlandırılması istiqamətində ciddi iradə və qarşılıqlı maraqlarını ifadə ediblər.
E.Əmirbəyov həmçinin Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesinin hazırkı vəziyyəti və perspektivləri, bölgədə dayanıqlı sülhün və inkişafın təmin olunması məqsədilə Azərbaycan tərəfindən atılan konkret addımlar barədə qarşı tərəfi məlumatlandırıb. Bu kontekstdə regionda nəqliyyat kommunikasiyalarının bərpasının və Cənubi Qafqazın tranzit potensialının artırılmasının, xüsusilə də beynəlxalq sülh və rifah naminə "Tramp Marşrutu"nu da özündə birləşdirən Zəngəzur dəhlizinin işə salınmasının strateji əhəmiyyəti izah olunub.
Prezidentin nümayəndəsi, eyni zamanda, səfər çərçivəsində ölkənin siyasi və iqtisadi elitasının nüfuzlu təmsilçilərini bir araya gətirən nüfuzlu platforma - Bern Siyasi Klubunun təşkil etdiyi tədbirdə çıxış edərək Cənubi Qafqazda gedən geosiyasi proseslər və Azərbaycan ilə Ermənistan arasında sülh prosesi haqqında təqdimatla çıxış edib və iştirakçıların suallarını cavablandırıb.
Elçin Əmirbəyov keçirilmiş görüşlər zamanı İsveçrə tərəfini Ermənistanın işğalı dövründə Azərbaycanın mədəni irs abidələrinin dağıdılması və ölkədə genişmiqyaslı mina problemi barədə ətraflı məlumatlandırıb, bu mövzularla bağlı nəşrləri təqdim edib.