Azərbaycan Türkiyənin sərhədyanı bölgələri ilə əlaqələrin genişləndirilməsini müzakirə edib

Biznes
  • 04 dekabr, 2025
  • 12:37
Azərbaycan Türkiyənin sərhədyanı bölgələri ilə əlaqələrin genişləndirilməsini müzakirə edib

Azərbaycan və Türkiyə iş adamları sərhədyanı ticarət, investisiya qoyuluşu və biznes sahəsində əməkdaşlıq imkanlarını müzakirə ediblər.

"Report" İqtisadiyyat Nazirliyinin tabeliyindəki Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) istinadən xəbər verir ki, bununla bağlı müzakirələr Naxçıvan şəhərində rəsmi şəxslərin və iş adamlarının iştirakı ilə keçirilən 2-ci Azərbaycan-Türkiyə Regional İqtisadi Forumunda aparılıb.

Forumun məqsədi Azərbaycan və Türkiyə, xüsusilə də hər iki ölkənin regionları arasında işgüzar əlaqələrin inkişaf etdirilməsi, bu sahədə mövcud potensialın və biznes əməkdaşlığı üçün imkanların diqqətə çatdırılması, eləcə də Naxçıvan Muxtar Respublikasının biznes və investisiya imkanları barədə türk iş adamlarının məlumatlandırılması, Türkiyənin sərhədyanı bölgələri ilə ikitərəfli iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsidir.

Qeyd olunub ki, logistika, sərhədyanı ticarət, investisiya və KOB-ların dəstəklənməsi istiqamətində atılan qarşılıqlı addımlar bölgədə iqtisadi dinamikanın güclənməsinə və yeni tərəfdaşlıq imkanlarının açılmasına töhfə verir, xüsusilə Naxçıvanın regional əməkdaşlıq baxımından yaratdığı imkanlar biznes dairələri üçün böyük perspektivlər açır. Çıxışçılar həmçinin ticarət, xüsusilə sərhədyanı ticarət, sənaye, turizm, nəqliyyat-logistika, kənd təsərrüfatı və digər sahələrdə əməkdaşlıq üçün geniş potensialın olduğunu, biznesin bu imkanlardan səmərəli istifadəsinin ölkələrimiz arasında iqtisadi əlaqələrin inkişafına mühüm töhfə verəcəyini vurğulayıblar.

Qars valisi Ziya Polat, İğdır valisi Ercan Turan, Ardahan valisi Hayrettin Çiçek, Türkiyə Palatalar və Birjalar Birliyinin İdarə Heyətinin üzvü və Ərzurum Ticarət və Sənaye Palatasının sədri Saim Özakalın, Qars Ticarət və Sənaye Palatasının sədri Kadir Bozan və Qarsın Bələdiyyə sədri Ötüken Senger bölgədə iqtisadi əməkdaşlığın önəmini və sərhədyanı biznes imkanlarını vurğulayıb, təmsil etdikləri vilayətlərin Azərbaycan, xüsusilə də Naxçıvan ilə əməkdaşlıq üçün geniş imkanlara malik olduğunu və ortaq layihələrin regionun davamlı iqtisadi inkişafına töhfə verəcəyini qeyd ediblər.

Forum çərçivəsində Naxçıvanın investisiya, ticarət və logistika imkanları barədə təqdimat nümayiş etdirilib, iki ölkənin iş adamları arasında "B2B" görüşlər keçirilib. Həmçinin, Türk iş adamları səfər çərçivəsində Naxçıvanda fəaliyyət göstərən bir sıra müəssisələrin fəaliyyəti ilə tanış olublar.

Qeyd edək ki, Azərbaycan-Türkiyə Regional İqtisadi Forumu platforması iki ölkənin iş adamları arasında sərhədyanı ticarətin, investisiya qoyuluşu və biznes əməkdaşlığının təşviqi və daha da inkişaf etdirilməsi məqsədilə yaradılıb. İlk forum 2025-ci ilin iyun ayında Türkiyənin Qars şəhərində keçirilib.

Muxtar Respublikada Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilov Naxçıvanda səfərdə olan Azərbaycan və Türkiyə heyətləri, o cümlədən Qars, İğdır, Ardahan, Ərzurum kimi bölgələrin valiləri, bələdiyyə və ticarət palatalarının təmsilçiləri ilə görüşüb. Görüşdə Azərbaycan və Türkiyənin regionları arasında əməkdaşlıq, sərhədyanı ticarətin inkişafı məsələləri müzakirə edilib.

Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyinin və KiOBİA-nın təşkilatçılığı, Azərbaycan İqtisadiyyat Nazirliyinin, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK), Türkiyə Palatalar və Birjalar Birliyinin, Qars Ticarət və Sənaye Palatasının dəstəyi ilə keçirilən foruma Azərbaycan və Türkiyənin müvafiq qurumlarının nümayəndələri, Qars, İğdır, Ardahan, Ərzurum kimi bölgələrin valiliklərinin, bələdiyyə və ticarət palatalarının təmsilçiləri, eləcə də 200-dən çox iş adamı qatılıb.

Son xəbərlər

Bütün Xəbər Lenti