Saut Vonq: Kamboca Azərbaycanla ikitərəfli əməkdaşlığı yüksək qiymətləndirir

Xarici siyasət
  • 29 oktyabr, 2025
  • 15:02
Saut Vonq: Kamboca Azərbaycanla ikitərəfli əməkdaşlığı yüksək qiymətləndirir

Kamboca Azərbaycanla ikitərəfli əməkdaşlığı yüksək qiymətləndirir.

"Report"un verdiyi məlumata görə, bunu Kamboca Milli Assambleyasının ikinci vitse-prezidenti Saut Vonq jurnalistlərə deyib.

O, Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsinin 30 illiyinə həsr olunmuş beynəlxalq konfransda iştirak etmək üçün dəvətə görə Milli Məclisin sədri Sahibə Qafarovaya təşəkkürünü bildirib.

"Hər bir dövlətin Konstitusiyası onun əsas qanunu və möhkəm təməlidir. Azərbaycan Konstitusiyası son 30 ildə dəfələrlə təkmilləşdirilərək ölkənin inkişafını əks etdirib. Biz də Kambocada müharibənin çətin illərini və sonrakı dövlət quruculuğunu əhatə edən buna bənzər bir yol keçmişik", - Vonq qeyd edib.

O, Azərbaycan Konstitusiyasının yubileyinə həsr olunmuş konfransın parlamentlərarası qarşılıqlı əlaqələrin möhkəmləndirilməsi üçün mühüm simvolik əhəmiyyət daşıdığını vurğulayıb.

S.Vonq 2023-cü ildə Sahibə Qafarovanın Kambocaya səfəri zamanı Milli Məclis və Kamboca Milli Assambleyası arasında Anlaşma Memorandumunun imzalandığını xatırladıb.

"Bundan əlavə, iki ölkənin parlamentləri arasında ikitərəfli əlaqələrin inkişafına fəal şəkildə töhfə verən dostluq qrupu yaradılıb. Ölkələrimiz yalnız parlament səviyyəsində deyil, həm də icra səviyyəsində əməkdaşlıq edir. Biz ölkələrimiz arasındakı münasibətləri yüksək qiymətləndirir və beynəlxalq arenada daima bir-birimizi dəstəkləyirik", - Kamboca Milli Assambleyasının vitse-prezidenti əlavə edib.

Son xəbərlər

Bütün Xəbər Lenti