Özbək ekspert: Asiyada siyasi dialoq və qarşılıqlı etimad gücləndirilməlidir
- 10 sentyabr, 2025
- 10:35

Asiyada siyasi dialoq və qarşılıqlı etimad gücləndirilməlidir.
"Report" xəbər verir ki, bunu Özbəkistan Prezidenti yanında Strateji və Regional Tədqiqatlar İnstitutunun direktor müavini Bəxtiyar Mustafayev AQEM Beyin Mərkəzləri Forumunun 13-cü sessiyasının ikinci günündə " Beynəlxalq təşkilat kimi AQEM - transformasiya və potensialın gücləndirilməsi" mövzusunda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Asiya ölkələri geosiyasi gərginliyin artması, qlobal böhran fonunda böyük çağırışlarla üzləşir:
"AQEM-in əsas prinsiplərinə sadiqlik gücləndirilməli, bu prinsiplərə sarsılmaz şəkildə əməl edilməlidir. Maraqların qarşılıqlı şəkildə ələ alınması əsasında sabit siyasi mühit formalaşdırmaq mümkündür. Asiyada siyasi dialoq və qarşılıqlı etimad gücləndirilməlidir. İqtisadiyyatlarımız qlobal böhrana uyğunlaşdırılmalıdır".
Özbək ekspert bildirib ki, Asiya ölkələri böyük resurs və imkanlara malik olmasına baxmayaraq təhdidlərə qarşı həssasdır:
"Qida təhlükəsizliyinin təmin olunması üçün ciddi işlər görülməlidir. Regiondaxili ticarət genişləndirilməlidir. İqlim dəyişiklikləri ilə əlaqədar səmərəliliyin artırılması üçün də tədbirlər görülməlidir. Çünki Asiya bu səbəbdən yaranan təbii fəlakətlərdən ən çox təsirlənən qitədir. Yalnız ümumi problemlərin müəyyənləşdiriıməsi və birliyin gücləndirilməsi bu problemləri aradan qaldıra bilər".