Naxçıvanda TDT ölkələri QHT-lərinin Həmrəylik Forumu keçirilib - YENİLƏNİB
- 25 noyabr, 2025
- 19:26
Türk Dövlətləri Təşkilatına üzv ölkələrin QHT-lərinin Həmrəylik Forumu Naxçıvan şəhərində davam edib.
"Report"un yerli bürosu xəbər verir ki, salamlama nitqi ilə çıxış edən Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva bildirib ki, son illər türk dövlətləri ilə birgə layihələr silsilə xarakter almaqdadır.
"Son 3 il ərzində biz Özbəkistan, Türkiyə, Şimali Kipr Türk Respublikası və digər qardaş türk dövlətlərində fəaliyyət göstərən QHT-lərlə və tərəfdaş qurumlarla bir sıra vacib layihələr həyata keçirmişik. Bunlara Azərbaycan-Türkiyə, Azərbaycan-Özbəkistan, Özbəkistan-Azərbaycan formatlarında baş tutan QHT-lərin əməkdaşlıq forumlarını, COP29 çərçivəsində Bakıda keçirilən "Türk Dövlətlərinin Vətəndaş Cəmiyyəti forumu"nu misal gətirə bilərik. Dünən isə ilk dəfə "Azərbaycan-Qazaxıstan QHT-lərinin I Əməkdaşlıq Forumu" baş tutdu. Əminəm ki, bu formatda ikinci forumu tezliklə Qazaxıstanda da reallaşdıra biləcəyik", - A.Əliyeva deyib.
Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilov bildirib ki, 2009-cu ildə "Naxçıvan Sazişi"nin imzalandığı şəhərdə Türk Dövlətləri Təşkilatına üzv ölkələrin QHT-lərinin Həmrəylik Forumunun keçirməsi rəmzi məna daşıyır: "Naxçıvanın vətəndaş cəmiyyəti təmsilçiləri də türk dövlətləri ilə əməkdaşlığın genişləndirilməsində xüsusilə maraqlıdır. Muxtar respublikanın QHT-ləri regional təşəbbüslərə qoşulmağa, ortaq layihələrdə iştirak etməyə və Türk dünyasının birliyinə öz töhfələrini verməyə böyük həvəs göstərirlər".
Daha sonra forum panel müzakirələrlə davam edib.
Naxçıvan şəhərində Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin qeyri-hökumət təşkilatlarının Həmrəylik Forumu keçirilir.
"Report"un yerli bürosu xəbər verir ki, noyabrın 24-də Azərbaycanın təşəbbüsü ilə Bakıda keçirilən TDT ölkələri qeyri-hökumət təşkilatlarının Həmrəylik Forumu noyabrın 25-də öz işini Naxçıvan şəhərində davam etdirir.
Forum çərçivəsində rəsmi çıxışlar olacaq, TDT-yə üzv ölkələrin QHT-lərinin Platforması təsis ediləcək və "WUF13-ə doğru - Türk dünyasında ilk" mövzusunda panel müzakirə keçiriləcək.
Qeyd edək ki, TDT-yə üzv ölkələrin ictimai təşkilatlarını birləşdirən QHT Platformasına Azərbaycan rəhbərlik edəcək.