Moskvada Azərbaycanın Zəfər Günü qeyd edilib
- 08 noyabr, 2025
- 11:59
Azərbaycanın Rusiyadakı səfirliyində ölkənin İkinci Qarabağ müharibəsindəki Zəfərinin beşinci ildönümünə həsr olunmuş tədbir keçirilib.
"Report"un Rusiya bürosunun məlumatına görə, tədbirdə Moskvada akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, hərbi attaşelər, Rusiya və Azərbaycanın elm, təhsil və mədəniyyət xadimləri, həmçinin Azərbaycan diasporunun nümayəndələri iştirak ediblər.
Azərbaycan Silahlı Qüvvələrinin Rusiyadakı hərbi attaşesi, polkovnik Kənan Təhməzov qeyd edib ki, Azərbaycan xalqı 30 ildən çoxdur ki, itirilmiş torpaqların ağrısı ilə yaşayıb, lakin bütün bu illər ərzində ardıcıl olaraq dövlət və ordu gücləndirilib.
Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev 8 noyabr – Zəfər Gününün əhəmiyyətindən danışıb. O bildirib ki, bu hadisə beynəlxalq hüququn və ədalətin təntənəsidir.
R.Mustafayev son beş il ərzində Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının bərpasına 12 milyard dollardan çox vəsait yönəldildiyini, 2026-2029-cu illərdə isə əlavə 8 milyard dollar ayrılmasının planlaşdırıldığını xatırladıb.
Tədbir çərçivəsində azad edilmiş ərazilərdə həyata keçirilən bərpa və reinteqrasiya layihələri haqqında videomaterial nümayiş olunub. Qonaqlar, həmçinin 44 günlük Vətən müharibəsinə həsr olunmuş fotostendlərlə tanış olublar.