Qobustanda avtomobillər toqquşub, bir nəfər ölüb, 6 nəfər xəsarət alıb - YENİLƏNİB
- 06 iyul, 2026
- 11:35
Ötən gün Qobustanda baş verən yol nəqliyyat hadisəsi nəticəsində 6 nəfər xəsarət alıb, bir nəfər ölüb.
"TƏBİB"-dən Report" un yerli bürosunun sorğusuna cavab olaraq bildirilib ki, xəsarət alan 7 nəfər (6 kişi, 1 qadın) iyulun 5-i saat 17:50 radələrində Qobustan Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Qeyd olunub ki, müxtəlif bədən xəsarətləri alan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyəti qənaətbəxş qiymətləndirilən 1 nəfər ambulator müalicə üçün evə buraxılıb, 2 nəfər isə yazılı iltizamnamə əsasında tibbi xidmət almaqdan imtina edib. Daha ixtisaslı tibbi xidmət almaq üçün 1 nəfər Şamaxı Rayon Mərkəzi Xəstəxanasına, 1 nəfər Sabunçu Tibb Mərkəzinə, 1 nəfər isə Kliniki Tibbi Mərkəzə təxliyə olunub. Hazırda onların müalicələri müvafiq şöbələrdə davam etdirilir. 1 nəfərin vəziyyəti orta ağır, digərlərinin vəziyyəti isə stabil qiymətləndirilir.
Qeyd edək ki, Qobustan Rayon Mərkəzi Xəstəxanasına kritik ağır vəziyyətdə yerləşdirilən 1 nəfərin (kişi) aparılan reanimasiya tədbirlərinə baxmayaraq, saat 21:30 radələrində bioloji ölüm faktı qeydə alınıb.
Qobustanda ölümlə nəticələnən yol qəzası olub.
"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə rayonun Heydər Əliyev Məscidinin yaxınlığında qeydə alınıb.
Belə ki, 61 yaşlı Ağayev Zakir Ağaqasım oğlunun idarə etdiyi 90-UX-940 dövlət qeydiyyat nişanlı "Mercedes-Benz" markalı avtomobil 99-KB-416 dövlət qeydiyyat nişanlı "Toyota Prius" markalı minik maşını toqquşub. Nəticədə Z.Ağayev hadisə yerində həyatını itirib.
Hadisə zamanı daha bir neçə nəfərin xəsarət aldığı bildirlir. Yaralılar xəstəxanalara çatdırılıb.
Qəzanın başvermə səbəbləri araşdırılır.