Koşta: Azərbaycanla Ermənistan arasında sülh Orta dəhlizin inkişafı üçün həlledici əhəmiyyət daşıyır
- 05 dekabr, 2025
- 19:29
Azərbaycan-Ermənistan sülh prosesində irəliləyiş TransXəzər nəqliyyat marşrutunun (Orta dəhliz) inkişafı üçün həlledici əhəmiyyət daşıyır.
"Report" xəbər verir ki, bunu Avropa İttifaqı (Aİ) Şurasının sədri Antoniu Koşta Qazaxıstanın "Silk Way" telekanalına müzahibəsində deyib.
Onun sözlərinə görə, Aİ yalnız bərpaolunan enerji sahəsinə deyil, həm də ənənəvi enerji daşıyıcıları nəqlinin diversifikasiyasına aktiv şəkildə investisiya qoyur:
"Qazaxıstan Avropa İttifaqına üçüncü ən böyük neft ixracatçısıdır, eyni zamanda, bu, enerji keçidləri üçün çox vacibdir. Çünki Qazaxıstan həm də üçüncü ən böyük uran ixracatçısıdır. Qazaxıstan batareyaların, günəş panelləri saxlanclarının həcminin artırılması, həmçinin işlənməsi, eyni zamanda, energetika sahəsinin yeni erasına lazım olan avadanlıqların hazırlanması üçün çox zəruri xammal ehtiyatlarına malikdir. Bu kontekstdə Orta dəhlizin əhəmiyyəti daha da artır".
Koşta həmçinin xatırladıb ki, bu ilin aprelində Səmərqənd şəhərində birinci "Avropa İttifaqı – Mərkəzi Asiya" sammiti keçirilib və o çərçivədə strateji vacib marşrut kimi Orta dəhlizin inkişafının sürətləndirilməsi barədə razılıq əldə olunub:
"Bunun sayəsində Azərbaycanla Ermənistan arasında sülhün daha rahat əldə edilməsi mümkün oldu. Bu, Orta dəhlizin inkişafında çox böyük addımdır. Çünki burada əsas ideya yalnız Asiya ilə Avropanı birləşdirmək yox, həm də regiondan keçən TransXəzər marşrutunu Qara dənizə qədər inkişaf etdirməkdir".