Azərbaycan çayı beynəlxalq AVPA müsabiqəsində iki mükafat alıb

Mədəniyyət siyasəti
  • 05 dekabr, 2025
  • 21:18
Azərbaycan çayı beynəlxalq AVPA müsabiqəsində iki mükafat alıb

Fransanın paytaxtı Paris şəhərində keçirilən 8-ci Beynəlxalq AVPA Çay Müsabiqəsində Azərbaycan çayının uğurlu təqdimatı baş tutub.

"Report"un Avropa Bürosu Azərbaycanın Belçikadakı səfirliyinə istinadən xəbər verir ki, dünyanın 18 ölkəsindən 300-dən çox çay məhsulunun 25 müxtəlif kateqoriya üzrə qiymətləndirildiyi nüfuzlu yarışmada, Azərbaycan istehsalı olan "Azər Çay"ın iki məhsulu mükafata layiq görülüb.

Fireland Azərbaycanlılar Birliyi müsabiqədə "Azər Çay"ın tərəfdaşı qismində iştirak edərək mükafatları qəbul edib. AVPA tərəfindən artıq səkkizinci dəfə təşkil olunan bu beynəlxalq yarışmada Azərbaycan çayı ilk dəfə bu miqyasda təmsil olunub.

Müsabiqədən əvvəl Azərbaycan çayı Belçikanın paytaxtında keçirilən Brüssel Beynəlxalq Çay Festivalında nümayiş etdirilib və festival iştirakçılarının böyük marağına səbəb olub. Məhz bu uğurlu təqdimatdan sonra Azərbaycan çayı AVPA tərəfindən Parisdə keçirilən müsabiqəyə dəvət olunub.

Paris yarışmasında ümumilikdə Azərbaycan istehsalı olan 4 çay növü iştirak edib və onlardan 2-si mükafat qazanıb. Bu nailiyyət Azərbaycan çayının beynəlxalq bazarda artan rəqabət qabiliyyətinin və yüksək keyfiyyətinin bir daha təsdiqidir.

Bu uğur Azərbaycan çayının beynəlxalq arenada tanıdılması istiqamətində mühüm addımdır və gələcəkdə daha genişmiqyaslı təqdimatlar üçün yeni imkanlar açır. Tədbirin təşkilatçıları Fireland Azərbaycanlılar Birliyini 2026-cı ildə Parisdə keçiriləcək Çay Festivalına rəsmi olaraq dəvət etmişdir.

Sözügedən layihədə Fireland Azərbaycanlılar Birliyi Azərbaycan Respublikasının Belçikadakı Səfirliyinin dəstəyi ilə iştirak edib. O cümlədən, Parisdə keçirilən mükafatlandırma mərasimində FireLand Azərbaycanlılar Birliyinin üzvləri ilə yanaşı Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva da iştirak edib, əldə edilən nailiyyət münasibətilə öz təbriklərini çatdırıb.

Son xəbərlər

Bütün Xəbər Lenti