Baş nazir: Azərbaycanla Gürcüstan Orta dəhlizin formalaşması və inkişafında aparıcı mövqe tutur
- 22 oktyabr, 2025
- 10:37

Azərbaycan və Gürcüstan strateji nəqliyyat dəhlizi olan Orta dəhlizin formalaşması və inkişafında aparıcı mövqe tutur.
"Report" xəbər verir ki, bunu Azərbaycanın Baş naziri Əli Əsədov 5-ci Tbilisi İpək yolu forumunun açılış mərasimində çıxışı zamanı deyib.
Onun sözlərinə görə, hər iki ölkə həm coğrafi mövqelərinə, həm də müasir nəqliyyat infrastrukturuna görə Orta dəhlizin ən mühüm iştirakçıları sırasındadır:
"Bu istiqamətdə səylərimizi birləşdirərək, dəhliz boyunca infrastrukturun genişləndirilməsi, keçid proseslərinin sadələşdirilməsi və tranzit imkanlarının artırılması istiqamətində ardıcıl və məqsədyönlü addımlar atırıq".
Əli Əsədov qeyd edib ki, liman və logistika mərkəzlərinin modernləşdirilməsi, rəqəmsal həllərin tətbiqi kimi layihələr bu əməkdaşlığın bariz nümunələridir:
"Görülən tədbirlər nəticəsində son üç ildə Orta Dəhliz üzrə tranzit yük həcmləri təxminən 90% artıb ki, bu, onun səmərəliliyini və artan aktuallığını nümayiş etdirir. Bununla yanaşı, dəhliz üzrə yük daşımaların tranzit müddəti (15 günə enib) əhəmiyyətli dərəcədə azalıb".