Bakı və Ər-Riyad dekabrda XİN-lərarası siyasi məsləhətləşmələrin növbəti raundunu keçirəcək
- 14 oktyabr, 2025
- 13:11

Bu ilin dekabrında Bakıda Azərbaycan və Səudiyyə Ərəbistanı Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin növbəti raundu keçiriləcək.
Bu barədə "Report"a Səudiyyə Ərəbistanının Azərbaycandakı səfiri İssam ben Saleh əl-Cuteyli məlumat verib.
"Siyasi məsləhətləşmələr hər il keçirilir. Sonuncu dəfə məsləhətləşmələr Ər-Riyadda (2024-cü ilin dekabrında - red.) keçirilib, növbəti görüşün isə bu ilin dekabrında Bakıda baş tutacağı gözlənilir", - səfir bildirib.
Diplomat nazir və daha yüksək səviyyələrdə mütəmadi olaraq qarşılıqlı səfərlərin təşkilini məmnunluqla qeyd edib. "İki ölkə arasında qarşılıqlı səfərlər məsələsində çox sıx koordinasiya var ki, bu da iki qardaş dövlətin əlaqələrinin möhkəmliyinin əyani sübutudur", - o qeyd edib.
Səfir həmçinin Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) rəhbəri Orxan Məmmədovun həmsədri olduğu Azərbaycan - Səudiyyə Ərəbistanı Birgə Biznes Şurasının işini yüksək qiymətləndirib.
"Biznes Şurasının görüşləri hər il keçirilir, sonuncu görüş Azərbaycanda baş tutub. Səudiyyə Ərəbistanı geniş nümayəndə heyəti göndərib ki, bu da məni şəxsən sevindirir. Əsas məqsəd ticarət sahəsində əməkdaşlığı möhkəmləndirməkdir", - İssam ben Saleh əl-Cuteyli vurğulayıb.