Bakı və Astana ikitərəfli əməkdaşlığın inkişafını müzakirə edib
- 07 oktyabr, 2025
- 17:29

Azərbaycan və Qazaxıstan xarici işlər nazirləri Ceyhun Bayramov və Yermek Koşerbayev ikitərəfli əməkdaşlığın genişləndirilməsi perspektivlərini müzakirə ediblər.
"Report"un Qazaxıstanın xarici siyasət idarəsinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, danışıqlar Qəbələdə Türk Dövlətləri Təşkilatı (TDT) Sammiti çərçivəsində keçirilib.
Məlumata görə, tərəflər ikitərəfli əməkdaşlığın vəziyyəti və gələcək inkişaf perspektivlərini, həmçinin ali və yüksək səviyyədə əldə edilmiş razılaşmaların həyata keçirilməsinin gedişatını nəzərdən keçiriblər.
"Xüsusi diqqət Azərbaycan Prezidenti İlham Əliyevin Qazaxıstana gözlənilən dövlət səfərinin hazırlanması məsələlərinə yönəldilib", - məlumatda qeyd edilib.
Qurumdan bildiriblər ki, Y.Koşerbayev bu səfər çərçivəsində Astana və Bakının rəqəmsallaşma sahəsində əlaqələrinə əlavə təkan vermək üçün İT mütəxəssislərinin forumunu keçirməyi təklif edib.