Azərbaycandakı xarici diplomatlar Böyük Qayıdış prosesi haqqında məlumatlandırılıb

Xarici siyasət
  • 28 oktyabr, 2025
  • 14:55
Azərbaycandakı xarici diplomatlar Böyük Qayıdış prosesi haqqında məlumatlandırılıb

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin müavini Fuad Hüseynov Tütk Dövlətləri Təşkilatının üzv və müşahidəçi ölkələrinin diplomatlarını Böyük Qayıdış prosesi haqqında məlumatlandırıb.

"Qaçqınkom"dan "Report"a verilən məlumata görə, F.Hüseynov ADA Universitetinin İxtisasartırma Proqramı tərəfindən hər il ənənəvi olaraq təşkil edilən "Xəzər hövzəsi araşdırmaları" proqramı çərçivəsində təşkil olunan sessiyada "Azərbaycanda məcburi köçkünlər probleminin həlli - uzunmüddətli məcburi köçkünlük və həsrətlə gözlənilən Qayıdış" mövzusunda mühazirə oxuyub.

Sədr müavini Ermənistanın vaxtilə Azərbaycana qarşı həyata keçirdiyi işğalçılıq və deportasiya siyasəti nəticəsində 1 milyondan çox sakinin qaçqın və məcburi köçkün həyatı yaşamağa məcbur qalması, onların uzun illər yarımçıq binalarda, zirzəmilərdə, yataqxanalarda ağır və dözülməz şəraitdə məskunlaşması barədə məlumat verib.

O qeyd edib ki, azad olunmuş ərazilərin bərpası, dayanıqlı inkişafı və keçmiş məcburi köçkünlərin doğma yurdlarına könüllü, təhlükəsiz və ləyaqətli şəkildə qayıdışının təmin edilməsi hazırda dövlət siyasətinin əsas prioritetlərindəndir. Bu istiqamətdə həyata keçirilən tədbirlər yalnız daxili sabitliyə deyil, bütün regionda təhlükəsizliyə və əmin-amanlığa mühüm töhfə verir. Böyük Qayıdış prosesi ölkənin sosial-iqtisadi inkişaf strategiyasında əsas istiqamət kimi "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər" sənədində yer alıb.

F.Hüseynov bildirib ki, hazırda azad olunmuş ərazilərdə genişmiqyaslı infrastruktur layihələri həyata keçirilir. Bununla yanaşı, köç prosesinin səmərəli təşkili və köçkünlərin maarifləndirilməsi məqsədilə təbliğat-təşviqat işlərinin aparılması, xüsusi qaynar xətt xidmətinin yaradılması və reinteqrasiya tərbirləri Böyük Qayıdışa dair I Dövlət Proqramının prioritetləri sırasındadır.

Sədr müavini deyib ki, Ermənistan uzun illər işğalda saxladığı Azərbaycan ərazilərini kütləvi şəkildə mina ilə çirkləndirib və bu da Böyük Qayıdış prosesinə ciddi maneələr yaradır. Azərbaycan bu məsələnin beynəlxalq müstəvidə həllinə çalışır. Eyni zamanda, Azərbaycan dövləti yalnız qaçqın və məcburi köçkünlərin problemlərinin həlli deyil, həm də postmünaqişə dövründə reabilitasiya və reinteqrasiya sahəsində dünya miqyasında nümunəvi bir model formalaşdırmaqdadır.

F.Hüseynov, həmçinin hazırda Azərbaycan və Ermənistan arasında sülh və barışığın əldə edilməsi üçün ciddi addımlar atıldığı, bu ilin avqustunda ABŞ-də Prezident Trampın təşəbbüsü ilə hər iki dövlətin liderlərinin sülh memorandumu imzaladığı, bölgənin yeni münasibətlər mərhələsinə qədəm qoyduğunu söyləyib.

Sonda Böyük Qayıdışı tərənnüm edən film və videoçarxlar nümayiş olunub.

Son xəbərlər

Bütün Xəbər Lenti