Braziliyada polislərlə cinayətkarların qarşıdurmasında ölənlərin sayı 64-ə çatıb - YENİLƏNİB
- 28 oktyabr, 2025
- 23:13
Braziliyanın Rio-de-Janeyro şəhərindəki Alemaon və Penya gecəqondularında oktyabrın 28-də keçirilən genişmiqyaslı polis əməliyyatı zamanı ölənlərin sayı artıq 64 nəfərə çatıb.
"Report"un xəbərinə görə, bu barədə "CNN Brasil" təhlükəsizlik qüvvələrinə istinadən məlumat yayıb.
"Rio-de-Janeyro hökumətinin məlumatına görə, bu, ştatın tarixində ən böyük əməliyyatdır", - xəbərdə qeyd olunur.
Ölənlər arasında 60 cinayətkar və polisin xüsusi əməliyyat batalyonunun iki zabiti də daxil olmaqla, dörd asayiş keşikçisi də var.
"Çəkindirmə" adlı əməliyyatda təxminən 2 500 hərbçi və mülki polis iştirak edir. Əməliyyatın məqsədi "Comando Vermelho" cinayətkar qrupunun üzvləri üçün 100 həbs orderinin icrasıdır.
Əməliyyat zamanı 81 nəfər həbs edilib, 10 tüfəng, bir tapança və doqquz motosiklet müsadirə olunub.
Braziliyanın Rio-de-Janeyro şəhərində "Qırmızı komanda" cinayətkar qruplaşmasına qarşı genişmiqyaslı polis əməliyyatı zamanı ölənlərin sayı 20 nəfərə çatıb.
"Report"un məlumatına görə, bu barədə "Reuters" agentliyi hökumətə istinadən xəbər verib.
Məlumata görə, şəhərin şimal hissəsindəki favellalarda (dağətəyi gecəqondular - red.) 100 dəstə üzvünə qarşı əməliyyatlar zamanı 2 polis məmuru da daxil olmaqla, təxminən 20 nəfər ölüb.
"Cinayətkarlar polisə müqavimət göstərib, atəş açıb və qurduqları barrikadaları yandırıblar. Bundan əlavə, onlar polisə qarşı bombalı dronlardan istifadə ediblər", - məlumatda bildirilir.