Azərbaycan və Qazaxıstan avtomobil nəqliyyatı üzrə komissiyanın iclasını keçirəcək
- 14 oktyabr, 2025
- 19:43

Azərbaycan və Qazaxıstan 2026-cı ilin birinci rübündə avtomobil nəqliyyatı üzrə qarışıq komissiyanın iclasını keçirəcək.
"Report" Qazaxıstanın Nəqliyyat Nazirliyinə istinadən xəbər verir ki, bu barədə Qazaxıstan və Azərbaycan arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın 21-ci iclasında məlum olub.
"Tərəflər beynəlxalq avtomobil daşımaları ilə bağlı elektron icazələrin (e-Permit) mübadiləsinə başlanılması, 2026-cı ilin birinci rübündə avtomobil daşımaları üzrə qarışıq komissiyanın iclasının keçirilməsi və Digital Trade Corridor və Digital Logistics Platform sistemlərinin inteqrasiyası vasitəsilə logistikanın rəqəmsallaşdırılmasının davam etdirilməsi ilə bağlı razılığa gəliblər", - məlumatda bildirilib.
Bundan başqa, hər iki tərəf Qazaxıstan və Azərbaycanın liman infrastrukturunun inkişaf perspektivlərini, eləcə də iki ölkə arasında birbaşa aviareyslərin sayının artırılmasını müzakirə edib.
Gəmiqayırma sahəsində əməkdaşlığın genişləndirilməsi planlaşdırılır: artıq Xəzər dənizi üçün yeni konteyner gəmilərinin tikintisi həyata keçirilir, həmçinin Qazaxıstana aid materiallar və texnologiyalardan istifadə edərək bərələrin və digər gəmi növlərinin istehsalı üzrə layihələr hazırlanır.