Azərbaycan Sent Lusiyada təhsilin müasirləşdirilməsi təşəbbüsünə dəstək göstərib
- 24 oktyabr, 2025
- 12:07
Azərbaycan Sent Lusiyaya 100 ədəd noutbuk ianə edib.
"Report"un məlumatına görə, bu təşəbbüs Xarici İşlər Nazirliyinin nəzdində fəaliyyət göstərən Azərbaycanın Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AIDA) dəstəyi ilə baş tutub.
Bildirilib ki, təqdimat mərasimində Sent Lusiyanın təhsil naziri Şoun Edvard, xarici işlər nazirinin müavini Janel Modeste-Stefen və Azərbaycanın Kubadakı səfiri, eyni zamanda Karib Ölkələri Biriliyi (CARICOM) yanında səlahiyyətli nümayəndəsi Ruslan Rzayev çıxış ediblər.
Çıxışlar zamanı Sent Lusiyanın dövlət rəsmiləri humanitar yardıma, eləcə də ölkənin təhsil sisteminin inkişafına göstərilən dəstəyə görə Azərbaycan hökumətinə dərin minnətdarlıqlarını ifadə ediblər.
R.Rzayev isə Azərbaycanın son illərdə inkişafa dəstək və humanitar yardım istiqmətində beynəlxlaq fəaliyyətini genişləndirdiyini bildirib.
O, Qoşulmama Hərəkatına və COP29-a sədrliyi dövründə Azərbaycanın 20 kiçik ada dövləti (SIDS) daxil olmaqla ümumilikdə 100-dən artıq ölkəyə inkişafa yardım və humanitar məqsədli yardımlar göstərdiyini, bu dövlətlər sırasında CARICOM-a üzv 12 dövlətin də olduğunu vurğulayıb.