Ayxan Hacızadə: Azərbaycan sülh və ədalətin real nümunəsini dünyaya təqdim edib - MÜSAHİBƏ

Xarici siyasət
  • 07 noyabr, 2025
  • 14:23
Ayxan Hacızadə: Azərbaycan sülh və ədalətin real nümunəsini dünyaya təqdim edib - MÜSAHİBƏ
Ayxan Hacızadə

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə "Report"a müsahibəsində Azərbaycanın regionda və dünyada gedən siyasi proseslərdə artan rolu, Azərbaycan-Ermənistan münasibətlərinin hazırkı vəziyyəti, Avropa İttifaqının Ermənistandakı missiyasının fəaliyyəti, Avropa Siyasi Birliyinin 2026-cı ildə Ermənistanda keçiriləcək sammitində iştirak, Fransa ilə münasibətlər, Azərbaycanın xarici ölkələrdə yeni açılacaq diplomatik missiyaları və digər məsələlər ətrafında sualları cavablandırıb.

- Prezident İlham Əliyevin Şarm əl-Şeyxdə baş tutan Yaxın Şərq Sülh Sammitinə ABŞ və Misir prezidentləri tərəfindən dəvəti geniş müzakirə olundu. Siyasi şərhçilər bunu Azərbaycanın təkcə regional deyil, dünyada gedən proseslərdə fəal rolu ilə əlaqələndirdilər. Azərbaycanın xarici siyasəti ilə məşğul olan strukturun nümayəndəsi kimi ölkə haqqında belə bir imicin formalaşmasını xarici tərəfdaşlarla təmaslarda hiss edirsinizmi?

- Cənab Prezident İlham Əliyevin ABŞ və Misir Prezidentləri tərəfindən Şarm əl-Şeyxdəki sammitə dəvət olunması Azərbaycanın qlobal səviyyədə fəal aktor kimi qəbul olunduğunun bariz nümunəsidir.

Həmçinin nəzərə almaq lazımdır ki, ölkəmizin 44 günlük Vətən Müharibəsi nəticəsində torpaqlarını işğaldan azad etməsi birmənalı olaraq ölkəmizə olan rəğbəti daha da artırıb. Bununla, Azərbaycan həmçinin sülh və ədalətin real nümunəsini dünyana təqdim edib.

Azərbaycanın balanslı, çoxşaxəli və sülhə yönəlmiş xarici siyasətinin nəticəsi kimi formalaşan mövqeyimiz, sammit çərçivəsində ölkə başçısının ABŞ və Misir liderləri ilə təmasları ölkəmizə olan yüksək etimadı nümayiş etdirib.

Məhz bu kontekstdə, ölkəmizin bu tədbirdə iştirakı həm qalib liderə və dövlətə hörmət, həm də Azərbaycanın sülh təcrübəsinə beynəlxalq etimadın göstəricisi kimi qiymətləndirilməlidir.

Azərbaycanın bu sammitdə iştirakı həm də onun balanslı və praqmatik xarici siyasətinin təntənəsidir. Azərbaycan həm İsrail, həm də Fələstinlə diplomatik münasibətlərə malikdir, hər iki tərəflə əməkdaşlıq edir və Yaxın Şərqdə sülh və humanitar sabitlik naminə real vasitəçi rolunu oynayır.

Ümumiyyətlə, müstəqil və suveren dövlətə, müstəqil xarici siyasətə sahib olmaq bir çox cəmiyyətlərin ümdə məqsədidir. Tarix boyu bu ideala sadiq qalmaqla yanaşı, buna nail olmuş ölkəmiz və xalqımız, ölkə rəhbərinin həyata keçirdiyi xarici siyasətimiz bu gün bir çox ölkələr üçün model rolunu oynamaqdadır. Bu bütün diplomatik təmaslarımızda açıq-aydın hiss olunur.

- Prezident İlham Əliyevin BMT Baş Assambleyasında çıxışına beynəlxalq reaksiya necə oldu? Sizin müşahidələriniz hansı nəticələri çıxarmağa əsas verir?

- Məlum olduğu kimi, Prezident İlham Əliyev BMT Baş Assambleyasının sessiyasında sonuncu dəfə 2017-ci ildə iştirak etmişdi. Bu il isə məhz qalib ölkənin prezidenti kimi tədbirdə iştirak və çıxış edib.

Prezident İlham Əliyev BMT Baş Assambleyasının 80-ci yubiley sessiyasında 25 sentyabr tarixli çıxışında Azərbaycanın uzun illər ərzində üzləşdiyi işğal və ədalətsizlik dövründən qələbə və sülh mərhələsinə təntənəli keçidini əhatəli şəkildə təqdim edib.

Azərbaycanın həm müharibədə, həm də sülhdə qələbə qazandığını, ədalətin bərpa olunduğunu və bu təcrübənin beynəlxalq hüququn üstünlüyünün sübutu kimi tarixdə qalacağı çıxış zamanı xüsusi vurğulanıb. Bununla yanaşı, ölkə Prezidenti dünya dövlətlərini ikili standartlardan imtina etməyə, qanunun aliliyinə və real sülhə əsaslanan ədalətli beynəlxalq düzənin qurulmasına çağırıb.

Bu çıxış həm milli qürurun, həm də qlobal arenadakı ədalətli, müdrik və prinsipial siyasətinin təntənəli bəyanatı kimi tarixi əhəmiyyət kəsb edir. Bununla yanaşı, son beş il ərzində görülən işlərin yalnız sözdə deyil, əməldə də nümayiş etdirildiyi açıq-aydın ifadə olunub.

Çıxış ölkəmizin hal-hazırda böyük dəyişikliklər yaşayan beynəlxalq münasibətlər sistemində qazandığı tarixi nailiyyətlərin dünyaya bəyanı kimi qiymətləndirilməlidir.

Bununla yanaşı, Prezident Trampın rəsmi qəbulu zamanı ölkəmiz barədə səslənmiş müsbət fikirlər, sessiya çərçivəsində cənab Prezidentin bir sıra rəsmi şəxslərlə və qlobal korporasiyaların rəhbərləri ilə keçirdiyi görüşlər və iştirak etdiyi tədbirlər bir daha Azərbaycanın nüfuzunu və qlobal mövqeyini nümayiş etdirib.

- Azərbaycan və Ermənistan liderləri sülh sazişinin paraflanmasından sonra iki ay ərzində dörd dəfə fərqli formatda görüşüblər. Demək olarmı ki, iki ölkə arasında münasibətlərin normallaşması sürətlə gedir?

- Azərbaycan sülh prosesinin təşəbbüskarı kimi bölgədə davamlı sülh və sabitlikdə maraqlıdır. 8 avqust tarixində Vaşinqton sammiti zamanı əldə edilmiş tarixi razılıqlardan sonra keçirilmiş rəsmi görüşlər və qeyri-rəsmi təmaslar məhz sülh gündəliyimizin irəlilədilməsi, əldə olunmuş razılıqların icrasının sürətləndirilməsi məqsədi daşıyır.

Bununla yanaşı, məlumdur ki, bölgədə davamlı sülhün bərqərar olması istiqamətində müəyyən şərtlərin yerinə yetirilməsi əhəmiyyət kəsb edir. Sülh sazişinin imzalanması üçün Azərbaycan tərəfinin əsas şərti Ermənistan Konstitusiyasında dəyişiklik edilərək Azərbaycanın ərazi bütövlüyünə qarşı olan iddiaya son qoyulmasıdır. Bu, həmçinin Azərbaycan və Ermənistan liderləri tərəfindən, habelə şahid qismində ABŞ Prezidenti tərəfindən imzalanmış Birgə Bəyannamədə də dolayısı yolla təsbit edilib.

Bununla yanaşı məlumdur ki, 8 avqust Vaşinqton Sammitinin mühüm nəticələrindən biri Zəngəzur dəhlizindən maneəsiz keçidi təmin edəcək və regional bağlantıları möhkəmləndirəcək "Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu"dur (TRIPP). Birgə Bəyannamədə regionda kommunikasiyaların açılması çərçivəsində, Azərbaycanın əsas hissəsi ilə onun Naxçıvan Muxtar Respublikası arasında maneəsiz bağlantının təmin edilməsinin zəruri olduğu vurğulanıb.

ABŞ tərəfindən müvafiq nəqliyyat infrastruktur layihəsinin həyata keçirilməsi, təhlükəsizlik tədbirlərinin görülməsi və maneəsiz keçidin təmin edilməsi istiqamətində danışıqlar ABŞ-la Ermənistan arasında aparılır və tikinti işlərinə nə zaman başlanacağı hələlik məlum deyil. Ancaq nəzərə alsaq ki, bu marşrut Azərbaycanın iki bölgəsini birləşdirəcək, ölkəmizin prinsipial mövqeyi həm ABŞ, həm də Ermənistan tərəfinə bildirilib. Ümidvarıq ki, bu istiqamətdə tədbirlər qısa müddətdə həyata keçiriləcək.

Bununla yanaşı, ölkəmizdən Ermənistana yük tranziti ilə bağlı mövcud olan məhdudiyyətlərin aradan qaldırılması, Qazaxıstandan taxılın Azərbaycan-Gürcüstan ərazisindən keçməklə Ermənistana çatdırılması istiqamətində addımlar, Ermənistanda Azərbaycan və Ermənistan beyin mərkəzlərinin nümayəndələrinin və ekspertlərin görüşlərinin təşkili müsbət etimad-quruculuğu tədbirləridir.

- Ermənistanla sülh müqaviləsinin imzalanması üçün məkan hara ola bilər?

- Sülh müqaviləsinin imzalanması üçün ilk növbədə müvafiq şəraitin yaradılması, qeyd etdiyimiz şərtlərin yerinə yetirilməsi əhəmiyyət kəsb edir. Məhz bundan sonra müqavilənin imzalanması məkanı barədə danışıqlar aparıla bilər.

- Avropa İttifaqı Ermənistandakı Müşahidə Missiyasının fəaliyyətini 2027-ci ilin fevral ayınadək uzatdı. Vaşinqton görüşündən sonra ATƏT-in Minsk qrupunun ləğv olunduğu bir halda, bu missiyanın fəaliyyətinə nə ehtiyac var? Bununla bağlı Ermənistana hansı ismarışlar göndərilib?

- Bildiyiniz kimi, Avropa İttifaqının Ermənistandakı Monitorinq Missiyasının əldə olunmuş ilkin razılıqlara zidd olan fəaliyyətinin ciddi narahatlıq doğurduğu tərəfimizdən dəfələrlə bildirilib.

Sözügedən missiyanın regional sabitlik, habelə Azərbaycanla Ermənistan arasında etimad quruculuğuna töhfə vermək kimi bəyan edilmiş məqsədlərinə zidd olaraq, missiyadan Azərbaycan əleyhinə təbliğat vasitəsi kimi geniş şəkildə sui-istifadə olunub.

Qeyd edilənlər nəzərə alınaraq, Azərbaycan-Ermənistan sərhədində üçüncü tərəfin qüvvələrinin yerləşdirilməməsi sülh sazişinin əsas müddəalarından biri kimi tərəfimizdən irəlilədilib və yekunda qəbul olunub.

Ölkəmiz üçüncü tərəfin qüvvələri dedikdə həmçinin Avropa İttifaqının missiyasını nəzərdə tutur və bu istiqamətdə mövqeyimiz missiyanı qəbul edən tərəf kimi Ermənistana məlumdur. Ümid edirik ki, sülh sazişi imzalanandan sonra Ermənistan bu çərçivədə öhdəliklərini yerinə yetirəcək.

- Avropa Siyasi Birliyinin 2026-cı ilin yazında Ermənistanda keçiriləcək sammitində Azərbaycan hansı səviyyədə iştirak etməyi nəzərdə tutur, ümumiyyətlə, iştirakımız planlaşdırılırmı?

- Avropa Siyasi Birliyinin Zirvə toplantıları siyasi dialoqun gücləndirilməsi, enerji və təhlükəsizlik sahəsində əməkdaşlığın inkişafı, iqtisadi inteqrasiya və qlobal çağırışlara cavab baxımından əhəmiyyət daşıyır.

Azərbaycan bu təşəbbüsdə iştirak edən mühüm dövlətlərdən biridir. Xüsusən də geosiyasi mövqeyi, enerji resursları və regional təhlükəsizlikdə oynadığı rol ölkəmizi Avropa üçün strateji tərəfdaşa çevirib.

Xatırladaq ki, 44 lideri bir araya gətirən ilk Avropa Siyasi Birliyi Zirvə toplantısı 6 oktyabr 2022-ci ildə Çexiyanın paytaxtı Praqada keçirilib. İndiyə qədər Birliyin yeddi Zirvə toplantısı təşkil olunub.

Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyev İrəvanda baş tutacaq Avropa Siyasi Birliyi sammitində Prezident İlham Əliyevin iştirak məsələsinə aydınlıq gətirərkən bildirib ki, Azərbaycan Prezidentinə tədbirlə bağlı rəsmi dəvət məktubu daxil olmayıb və sammitdə ən yüksək səviyyədə iştirak mümkün görünmür.

Ümumiyyətlə qeyd etmək istərdim ki, Avropa Siyasi Birliyi formatının xüsusiyyəti odur ki, ölkələr tədbirdə yalnız dövlət və hökumət başçıları səviyyəsində təmsil oluna bilərlər.

- Fransa ilə münasibətlərdə yeni səhifə açılıb. Bu barədə Prezident İlham Əliyev Fransanın Azərbaycana yeni təyin olunan səfirinin etimadnaməsini qəbul edərkən də qeyd olundu. Ümumiyyətlə Azərbaycan-Fransa münasibətlərinin perspektivlərini necə dəyərləndirirsiz?

- Azərbaycan müstəqilliyinin ilk illərindən Fransa ilə qarşılıqlı hörmətə əsaslanan əməkdaşlığın qurulmasında maraqlı olub.

Təsadüfi deyil ki, 1993-cü ildə Ümummilli Lider Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti kimi xaricə ilk rəsmi səfərini Fransaya etmişdir. Eyni zamanda, 2003-cü ildə dövlət başçısı seçildikdən sonra Prezident İlham Əliyev də xaricə ilk rəsmi səfərini Fransaya edib. Uzun illər mütəmadi əsasda saxlanılan siyasi dialoq, habelə iki ölkə arasında iqtisadi, humanitar sahələrdə geniş əməkdaşlığın da inkişafına töhfə verib.

Lakin 44 günlük Vətən Müharibəsi dövründə və ondan sonra Fransa tərəfindən atılan addımlar ikitərəfli əlaqələrimizə ciddi zərbə vurub. Azərbaycan əleyhinə verilən çoxsaylı bəyanatlar, həm Senat, həm də Milli Assambleya tərəfindən ölkəmizə qarşı qəbul edilmiş qərəzli və həqiqətdən uzaq olan qətnamələr münasibətlərin getdikcə daha da pisləşməsinə səbəb olub. Fransanın BMT Təhlükəsizlik Şurasında, Avropa İttifaqı təsisatlarında və Avropa Şurasında, eləcə də ölkəmizin üzv olmadığı Frankofoniya təşkilatında irəli sürdüyü təşəbbüslər münasibətlərə mənfi təsir edib.

Azərbaycana qarşı qarayaxma kampaniyasına baxmayaraq, bizim atdığımız addımlar və rəsmi bəyanatlarımız yalnız bu destruktiv fəaliyyətlərə cavab xarakterli olub. Dialoq kanalları isə həmişə bizim tərəfimizdən açıq saxlanılıb.

Okyabr ayında Avropa Siyasi Birliyinin Kopenhagen toplantısı çərçivəsində Azərbaycan və Fransa Prezidentləri arasında görüş münasibətlərdə anlaşılmazlığa səbəb olan məsələlərin müzakirəsi baxımından faydalı oldu.

Bu görüşdən və davam edən siyasi təmaslar nəticəsində ikitərəfli gündəlikdə yeni dövrə start verilib.

- Sentyabr ayının ilk günündə Azərbaycan Prezidenti İlham Əliyev Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammitində iştirak etdi. Bu təsisatın Azərbaycanın xarici siyasət prioritetlərində yeri barədə nə demək olar?

- Ölkəmiz fəal xarici siyasəti çərçivəsində bir sıra beynəlxalq və regional təşkilatlar ilə ya üzv, ya da digər statuslar çərçivəsində əməkdaşlıq edir.

Ölkəmizin Şanxay Əməkdaşlıq Təşkilatı ilə münasibətlərinə gəldikdə isə qeyd edilməlidir ki, 2015-ci ilin iyul tarixində ŞƏT-in Ufada keçirilmiş zirvə görüşündə Azərbaycana ŞƏT-də dialoq tərəfdaşı statusunun verilməsinə dair qərar qəbul edilib.

Ölkəmiz ilə ŞƏT arasında mövcud əməkdaşlıq sahələri isə 2016-cı ildə tərəflər arasında imzalanmış memorandumda öz əksini tapıb. Belə ki, Azərbaycan Respublikası ilə ŞƏT arasında əməkdaşlıq istiqamətləri sırasında təşkilatın ənənəvi prioritet sahələri olan terrorizm, ekstremizm və separatizm ilə mübarizə və regional təhlükəsizliyin və sabitliyin təminatı məsələləri yer alır. Həmçinin ölkəmizin beynəlxalq müstəvidə mühüm rol oynadığı sivilizasiyalararası dialoq, multikulturalizm və tolerantlığın təşviqi sahələri də diqqət mərkəzində olan məsələlərdəndir.

Bununla yanaşı, ölkəmizin transregional multimodal nəqliyyat qovşağı kimi rolu çərçivəsində ŞƏT daxilində mühüm yer tutan iqtisadiyyat, nəqliyyat və telekommunikasiya, ticarət və investisiya sahələrində əməkdaşlıq qarşılıqlı fəaliyyət istiqaməti kimi müəyyən olunub.

Ölkə Prezidenti Şanxay Əməkdaşlıq Təşkilatının Zirvə görüşündə fəxri qonaq qismində iştirak edir. Bu, Azərbaycana olan yüksək ehtiramın və etimadın göstəricisidir. ŞƏT-ə üzv dövlətlərin əksəriyyəti ilə Azərbaycanı yaxın dostluq, qardaşlıq, strateji tərəfdaşlıq münasibətləri birləşdirir.

Digər beynəlxalq təşkilatlarda olduğu kimi, ŞƏT-də də fəaliyyətimiz bərabərhüquqlu tərəfdaşlıq, çoxtərəflilik və qarşılılıqlı maraq prinsiplərinə əsaslanır.

- Azərbaycanın ŞƏT üzvü olan ölkələrlə siyasi və iqtisadi-ticarət əlaqələri mövcuddur. Xüsusilə təşkilatın lokomotivi sayılan Çinlə münasibətlər daha geniş spektri əhatə edir. Bu münasibətlərin yaxın gələcəkdə daha da inkişaf etdirilməsi üçün hansı işlər görülür?

- Azərbaycanla Çin arasında dostluq münasibətləri və hərtərəfli strateji tərəfdaşlıq bağları mövcuddur. Bu əlaqələrin inkişaf etdirilməsi Azərbaycanın xarici siyasətinin mühüm istiqamətlərindən biridir.

Çin hər zaman Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini, Azərbaycan isə "Vahid Çin" siyasətini dəstəkləyib. Son iki ildə münasibətlərimiz keyfiyyətcə yeni mərhələyə yüksəlib. 3 iyul 2024-cü il tarixində Şanxay Əməkdaşlıq Təşkilatının Zirvə toplantısı çərçivəsində "Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə" qəbul olunub və iki ölkə arasında münasibətlər keyfiyyətcə yeni mərhələyə yüksəlib. Bu ilin aprel ayında Azərbaycan Respublikasının Prezidentinin Çinə dövlət səfəri zamanı hərtərəfli strateji tərəfdaşlıq münasibətlərinin təsis edilməsi barədə Birgə Bəyanat imzalanıb. Bu tarixi addımlar Azərbaycan-Çin münasibətlərində yeni bir səhifə açıb.

Ölkələrimiz arasındakı əməkdaşlıq ikitərəfli gündəliyin bütün spektri üzrə möhkəmlənir. Bu, siyasi, ticarət-iqtisadi, sərmayə, enerji, nəqliyyat-logistika sahələrini, rəqəmsal iqtisadiyyatın, elm və texnologiyanın, təhsil və mədəniyyətin inkişafını ehtiva edir.

Bu ilin iyul ayından etibarən hər iki ölkənin vətəndaşları üçün vizasız rejim tətbiq olunur ki, bu da turizmin inkişafına yeni təkan verir.

Bununla yanaşı, Orta Dəhliz Azərbaycan vasitəsilə Çin və Mərkəzi Asiyanı Avropa ilə birləşdirən etibarlı və təhlükəsiz marşrutdur. 2022-ci ildən etibarən Orta Dəhliz üzrə yükdaşımaların həcmi təxminən 90 faiz artıb. Yüklərin bu dəhliz üzrə keçid müddəti əhəmiyyətli dərəcədə azalıb. Sian şəhərindən konteyner-qatarının Bakıya 12 gündən az müddətdə çatması nümunəsi Orda Dəhlizin səmərəliliyinin bariz göstəricisidir.

Əminik ki, Azərbaycan-Çin strateji tərəfdaşlığı həm ikitərəfli əsasda, həm də regional və beynəlxalq təşkilatlar çərçivəsində təmasların artırılması, mübadilələrin intensivləşdirilməsi və beləliklə də əməkdaşlığımızın hərtərəfli dərinləşməsi işinə yeni dinamika gətirəcəkdir.

- Rusiyanın Azərbaycanla münasibətlərdəki gərginliyi azaltmaq istiqamətində atdığı son addımı rəsmi Bakı necə qiymətləndirir? Rusiyada həbsdə olan Azərbaycan diasporunun üzvlərinin hüquqlarının müdafiəsi istiqamətində hansı addımlar atılır?

- Azərbaycan-Rusiya münasibətləri mehriban qonşuluq, bərabərhüquqlu dialoq, qarşılıqlı hörmət və bir-birinin daxili işlərinə qarışmamaq prinsiplərinə əsaslanır.

Son bir ilə yaxın müddətdə Azərbaycan-Rusiya münasibətlərinin gərginləşməsinə məhz AZAL təyyarəsinin vurulması nəticəsində qəzaya uğramasının və Rusiya tərəfindən göstərilən davranışın səbəb olduğu məlumdur.

Bu fəlakətlə bağlı Rusiya tərəfindən tam və şəffaf araşdırma aparılmasını, təqsirkarların müəyyənləşdirilərək məsuliyyətə cəlb olunmasını, zərərçəkənlərə kompensasiya ödənilməsini gözlədiyimiz, bu addımların ikitərəfli münasibətlərdəki mənfi əhval-ruhiyyənin aradan qaldırılması üçün əhəmiyyət kəsb etdiyi tərəfimizdən dəfələrlə vurğulanıb.

10 oktyabr tarixində Düşənbədə MDB Dövlət Başçıları Şurasının iclasında iki ölkə Prezidentləri arasında keçirilmiş görüş, Rusiya tərəfindən verilən açıqlamalar, təyyarənin məhz Rusiya silahlı qüvvələrinin səhvi nəticəsində vurulmasının etiraf olunması və üzrxahlıq edilməsi münasibətlərin normallaşması istiqamətində əhəmiyyətli addım hesab olunur.

Rusiyadakı Azərbaycan diasporasının üzvlərinin hüquqlarının müdafiəsi üçün XİN və səfirlik, eləcə də baş konsulluqlarımız vasitəsilə hər zaman davamlı və sistemli addımlar atılır. Saxlanılan və ya həbs edilən vətəndaşlara qanunvericilik çərçivəsində hüquqi yardım və konsulluq dəstəyi hər zaman göstərilir.

- Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin bir müddət əvvəl demişdi ki, 2025-ci ilin sonuna kimi "3+3" regional məsləhət platformasının dördüncü nazirlər görüşünün keçirilməsini dəstəkləyir və hazırda onun işlənib hazırlanması istiqamətində işlər aparılır. Onu da əlavə etmişdi ki, hazırda Azərbaycan və Ermənistanla əlaqə saxlanılır ki, bu görüşə hansı tərəf ev sahibliyi etsin. Bu istiqamətdə bir nəticə varmı, razılığa gəlinibmi, ev sahibliyini hara edəcək?

- Məlum olduğu kimi, "3+3" regional məsləhət platformasının əsas təşəbbüskarı Azərbaycandır. 2021-ci ilin 10 dekabr tarixində təsis olunmuş bu mexanizm çərçivəsində indiyə qədər Moskva, Tehran və İstanbul olmaqla 3 görüş keçirilib.

Sonuncu dəfə ötən ilin oktyabr ayında İstanbulda keçirilmiş toplantıda ardıcıl olaraq Azərbaycan və Ermənistan tərəfindən müvafiq görüşlərin təşkil olunacağı barədə yekun sənədə müddəa daxil etməyə çalışsaq da, Ermənistan buna qarşı çıxmışdı. Biz hesab edirik ki, bu formatda növbəti görüş Azərbaycanda keçirilməlidir.

Digər vacib məqam odur ki, görüşə hazırlıq istiqamətində ciddi iş aparılmalı, tədbirin gündəliyi formalaşmalıdır.

Bununla yanaşı, bu platformanın yalnız Azərbaycan-Ermənistan və ya Cənubi Qafqaz məsələlərinin müzakirəsi üçün nəzərdə tutulmadığı, bütün iştirakçı ölkələrin məsələlərini əhatə etməsinin zəruriliyi dəfələrlə vurğulanıb və bu mexanizm məhz bunun üçün nəzərdə tutulub.

- Son olaraq Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallasın mətbuat konfransı zamanı bildirilmişdi ki, Azərbaycanla Avropa İttifaqı arasında yeni tərəfdaşlıq sazişinin layihəsinin 95 faizi razılaşdırılıb. Aİ-nin yeni səfiri etimadnaməsinin dövlət başçısına təqdim edərkən münasibətlərin daha da inkişafı üçün əlverişli imkanların olduğunu qeyd etdi. Azərbaycan-Avropa İttifaqı münasibətləri və yeni tərəfdaşlıq sazişinin perspektivləri barədə nə deyə bilərsiniz?

- Azərbaycan Avropa İttifaqı (Aİ) ilə bərabərhüquqlu tərəfdaşlığa əsaslanan münasibətlərin inkişafında maraqlıdır. Aİ Azərbaycanın ən böyük ticarət və ixrac tərəfdaşıdır.

Azərbaycan Respublikası və Avropa İttifaqı arasında münasibətlərin hüquqi əsasını 1996-cı ildə imzalanmış və 1999-cu ildə qüvvəyə minmiş Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi təşkil edir. Azərbaycan və Aİ arasında yeni ikitərəfli saziş layihəsi üzrə danışıqlar isə 2017-ci ildən başlanıb.

Son bir neçə ildə Avropa İttifaqının keçmiş vitse-prezidenti Cozep Borellin və digər rəsmilərin ölkəmizə qarşı açıqlamalarının, eləcə də Avropa İttifaqı Parlamenti və digər təsisatların qərəzli yanaşmalarının münasibətlərə mənfi təsir etdiyi məlumdur.

Buna baxmayaraq, son seçkilərdən sonra, Avropa İttifaqı rəhbərliyinin ölkəmizə qarşı yanaşmasında ciddi müsbət irəliləyişlər mövcuddur. Yüksək səviyyəli görüşlər və qarşılıqlı səfərlər münasibətlərin nizama salınmasına xidmət edir.

Cari ilin 25 aprel tarixində Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti xanım Kaya Kallas Bakıya səfər etmiş və yüksək səviyyəli görüşlər keçirib.

16 may tarixində Tiranada təşkil edilmiş Avropa Siyasi Birliyinin 6-cı Zirvə Toplantısında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev iştirak etmişdir. Səfər zamanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Aİ Şurasının Prezidenti Antonio Koşta və Avropa Komissiyasının Prezidenti Ursula Fon der Layen ilə görüşü baş tutmuşdur. Eyni tərkibli növbəti görüş isə 2 oktyabr tarixində Kopenhagen şəhərində "Avropa Siyasi Birliyi"nin 7-ci Zirvə toplantısı zamanı keçirilib.

Azərbaycan Avropa Siyasi Birliyinin tədbirlərində yaxından iştirak edir. Bununla yanaşı, razılaşmaya əsasən, Avropa Siyasi Birliyinin 12-ci Zirvə Toplantısı 2028-ci ildə Azərbaycanda təşkil ediləcəkdir.

Qeyd edək ki, Azərbaycan Aİ münasibətlərini tənzimləyən bir sıra sahəvi razılaşmalar da mövcuddur. Bunlardan biri ilkin olaraq, 2018-2020-ci illəri əhatə etmiş və daha sonra 2024-cü ilin sonunadək uzadılmış Tərəfdaşlıq Prioritetləri sənədidir. Bu Azərbaycanla Aİ arasında qarşılıqlı maraq doğuran əməkdaşlığın əsas istiqamətlərini əhatə edir.

Hal-hazırda, yeni Tərəfdaşlıq Prioritetləri üzrə danışıqlara başlanılması, yeni hərtərəfli Saziş layihəsi üzrə danışıqların bərpa edilməsi barədə ümumi razılıq mövcuddur.

Qeyd edək ki, 22 may tarixində Brüsseldə AR Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin iştirakı ilə AR-Aİ Təhlükəsizlik Dialoqunun növbəti – 6-cı iclası keçirilib. Azərbaycanla Avropa İttifaqı arasında Enerji Dialoqunun 3-cü görüşü 13 iyun 2025-ci il tarixində Brüsseldə təşkil edilmişdir. Bununla yanaşı, cari ilin 9 oktyabr tarixində Brüsseldə 2-ci yüksək səviyyəli nəqliyyat dialoqu keçirilib.

Azərbaycan Avropa İttifaqı münasibətlərinin perspektiv istiqamətlərindən birini Avropa İttifaqı ölkələri ilə strateji formatda ikitərəfli münasibətlərin inkişaf etdirilməsi təşkil edir. Hal-hazırda Azərbaycan Avropa İttifaqının 10 ölkəsi ilə strateji tərəfdaşdır.

- Yaxın dövrdə Azərbaycanın neçə ölkədə səfirlik və konsulluğunun təsis edilməsi nəzərdə tutulur və bu ölkələr hansılardır? Həmçinin hansı ölkələrlə viza rejiminin sadələşdirilməsi nəzərdə tutulur?

- Azərbaycanın xarici ölkələrdəki missiyalarının işinin təkmilləşdirilməsi ölkə rəhbərliyinin daim diqqət mərkəzində olub. Bununla yanaşı, Azərbaycan üçün əhəmiyyət daşıyan ölkələrdə diplomatik təmsilçiliklərinin sayının artırılması da əsas prioritetlərdən olub.

Ötən il Azərbaycan Respublikasının Tailand Krallığında və Oman Sultanlığındakı səfirlikləri fəaliyyətə başlayıb.

Bu il isə, Azərbaycan Respublikasının Bəhreyn Krallığında Səfirliyinin təsis edilməsi barədə Milli Məclis tərəfindən qanun qəbul edilib. Bununla, Azərbaycan Respublikasının xaricdə diplomatik missiyalarının ümumi sayı 93-ə çatıb (70 səfirlik, 6 daimi nümayəndəlik, 9 baş konsulluq, 7 səfirlik ofisi və 1 təmsilçilik ofisi).

Son illər ərzində Albaniya, Serbiya, Mərakeş, Çin, Birləşmiş Ərəb Əmirlikləri, Qətər və Maldiv ilə ümumvətəndaş pasportlara malik şəxslərin vizasız gediş-gəlişi ilə bağlı Sazişlər imzalanmışdır. Maldivlə Sazişin qüvvəyə minməsi üçün ölkədaxili prosedurlar hələlik yekunlaşmayıb.

Hazırda, ümumvətəndaş pasportlara malik şəxslərin vizasız gediş-gəlişi ilə bağlı Saziş imzalanması üçün bir neçə ölkə ilə danışıqlar davam etdirilir.

Diplomatik və xidməti pasportlar və ya yalnız diplomatik pasportlar üzrə - 2025-ci ildə 10 Saziş imzalanıb. 74 ölkə ilə diplomatik və xidməti pasportlar və ya yalnız diplomatik pasportlar üzrə vizasız gediş-gəliş rejimi tətbiq olunur.

- Post-Bəşər Əsəd dönəmində Azərbaycan-Suriya münasibətlərinin perspektivləri barədə nə deyə bilərsiz?

- Azərbaycan və Suriya arasında tarixi və mədəni əlaqələr baxımından dərin və qarşılıqlı təsirə əsaslanan bağlılıq mövcuddur.

Məlum olduğu kimi, Suriyada Bəşər Əl-Əsəd rejimi dönəmində ölkələrimiz arasında münasibətlər olduqca gərgin idi və hətta ölkəmizə qarşı nümayiş etdirilən qərəzli yanaşmaya görə 12 il səfirliyimiz fəaliyyət göstərmədi. Suriya həmin dönəmdə bir sıra beynəlxalq təşkilatlarda Azərbaycanın ərazi bütövlüyünə zidd yanaşma sərgiləmişlər.

Suriyada 2024-cü ilin 8 dekabrında Əsəd rejiminin çökməsindən sonra münasibətlərimiz yeni mərhələyə qədəm qoymuş, iki ölkə arasında əməkdaşlığın inkişafı üçün yeni imkanlar yaranıb.

İlk gündən tərəfimizdən rəsmi bəyanat verilərək, Suriyada sülhün və sabitliyin bərpa olunmasının vacibliyi tərəfimizdən xüsusi olaraq vurğulanıb.

2024-cü ilin dekabrın 29-da Azərbaycan xarici işlər nazirinin müavini Dəməşqə səfər etmiş, Suriyanın keçid hökumətinin xarici işlər naziri Əsəd Həsən Əş-Şeybani ilə görüşmüşdür. Görüş çərçivəsində, Suriya üçün bu vacib mərhələdə Azərbaycanın Türkiyə Respublikası ilə birlikdə Suriyanın yanında olduğu bildirilib.

Ötən ilin 30 dekabr tarixində, Azərbaycan Respublikasının Prezidentinin müvafiq tapşırığına əsasən, Suriya xalqının üzləşdiyi humanitar problemlərin aradan qaldırılmasına dəstək məqsədilə, 30 dekabr tarixində ölkəmiz tərəfindən müxtəlif qida və ərzaq məhsullarından ibarət ilk humanitar yardım karvanı 10 ədəd yük avtomobili vasitəsilə Bakı şəhərindən yola salınıb. Bu istiqamətdə işlər sonrakı dövrdə davam etdirilib.

Ayxan Hacızadə

Ölkəmiz həmçinin Suriyanın beynəlxalq platformalarda fəaliyyəti və üzvlüyünün bərpa olunması istiqamətində səylərə yaxından dəstək verib.

Cari ilin fevral ayında səfirliyimizin fəaliyyəti bərpa olunub.

Aprel ayının 11-də isə Antalya Forumu çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd Əş-Şaraa arasında ilk görüş ikitərəfli əlaqələrdə yeni müsbət təkan oldu. Görüşdə sabitliyin möhkəmləndirilməsində, bərpa prosesində Azərbaycanın iştirak etməyə hazır olduğu bildirildi.

May ayında Baş nazirin müavininin rəhbərliyi ilə hökumət missiyasının Suriyaya səfəri çərçivəsində, qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlıq əlaqələrinin inkişafı müzakirə olundu.

İyulun 12-də Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd Əl Şaraanın Azərbaycana ilk səfəri iki ölkənin münasibətlərində mühüm bir addım oldu.

2 avqust tarixində Azərbaycan, Türkiyə, Suriya və Qətər arasında dördtərəfli razılaşma çərçivəsində Azərbaycan qazının Türkiyə ərazisindən Suriyaya nəqlini təmin edəcək Türkiyə-Suriya təbii qaz boru kəmərinin rəsmi açılış mərasimi keçirildi. Layihənin ilk mərhələsində Suriyaya ildə 1,2 milyard kubmetr təbii qazın ixracı planlaşdırılır. Qaz Türkiyə ərazisindən Hələb və Homsdakı elektrik stansiyalarına çatdırılır və elektrik enerjisi istehsalında istifadə olunur. Bu proses nəticəsində 1200-1300 meqavatlıq elektrik istehsalı gücünə nail olunması nəzərdə tutulur.

Ümumilikdə, Azərbaycanla Suriya arasında əməkdaşlıq üçün geniş perspektiv mövcuddur. Ümidvarıq ki, ikitərəfli əlaqələrin daha da inkişafı üçün Suriyanın da ölkəmizdə səfirliyi təsis olunacaq.

- Azərbaycanın Afrika ölkələri ilə münasibətlərində hansı yeniliklər var, nə kimi layihələrin həyata keçirilməsi planlaşdırılır?

- Afrika ölkələri ilə əməkdaşlığın daha da genişləndirilməsi və bu qitə ölkələri ilə həm siyasi, həm də iqtisadi müstəvidə əlaqələrimizin daha da dərinləşməsi məqsədilə intensiv işlər aparılır.

Aparılmış işlərin nəticəsi olaraq, Afrika ölkələri ilə ikitərəfli siyasi, iqtisadi, humanitar və digər sahələrdə əməkdaşlığı son illər ərzində genişlənmiş və bu istiqamətdə aparılan planlı fəaliyyətin nəticəsi olaraq regionun bir sıra ölkələri ilə münasibətlər yeni mərhələyə qədəm qoymuş, eləcə də ikitərəfli əsasda və çoxtərəfli platformalar çərçivəsində əlaqələrin inkişafı istiqamətində irəliləyiş əldə edilib.

Yalnız bu ilin 10 ayı ərzində Afrika regionu ölkələrindən 3 dövlət başçısı ölkəmizə rəsmi səfər etmişdir. Səfərlər çərçivəsində müxtəlif sahələri əhatə edən bir sıra sənədlər imzalanıb.

Xarici işlər nazirləri səviyyəsində 3 səfər mübadiləsi həyata keçirilmiş, 5 ölkəyə Azərbaycanın hökumət missiyasının səfəri təşkil edilmiş və 8 ölkə ilə siyasi məsləhətləşmələr baş tutub.

Həmçinin, qeyd edilən dövr ərzində Somali Federativ Respublikasının Azərbaycanda səfirliyinin təsis edilməsi və səfirin təyin edilməsi ilə bağlı müvafiq prosedurlar başladılıb.

Afrika qitəsi ölkələri ilə nəzərdə tutulan əməkdaşlıq imkanları sırasında, bərpa olunan enerji, neft-qaz, mədənçilik, kənd təsərrüfatı, ticarət, investisiya, təhsil, humanitar, təhlükəsizlik və digər sahələri qeyd etmək olar. Bununla yanaşı, ölkəmizin dövlət xidmətləri sahəsində zəngin təcrübəsinə ("ASAN Xidmət", DOST, KOB evləri və s.) geniş maraq mövcuddur və bu istiqamətlərdə bir sıra ölkələrdə praktiki işlər görülməkdədir.

Qeyd edilən istiqamətlərlə yanaşı, Afrika İttifaqı (Aİ) Komissiyası ilə əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi istiqamətində planlar mövcuddur.

Son xəbərlər

Bütün Xəbər Lenti