Zəngəzur dəhlizi: Regionun nəqliyyat transformasiyasının mühüm elementi

İnfrastruktur
  • 07 noyabr, 2025
  • 16:38
Zəngəzur dəhlizi: Regionun nəqliyyat transformasiyasının mühüm elementi

Azərbaycanın əlverişli geostrateji mövqeyi və ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizləri - Şərq-Qərb, Şimal-Cənub və Cənub-Qərb - ölkəmizə qitələrarası yükdaşımalarda mühüm körpü rolunu oynamağa imkan verir. Xəzər dənizinin qərb sahilində yerləşən Azərbaycan Avrasiyanın təbii tranzit mərkəzi kimi formalaşıb.

Bu gün regionda cərəyan edən geosiyasi gərginliklər və qlobal ticarət yollarındakı dəyişikliklər fonunda Azərbaycanın strateji əhəmiyyəti daha da artmaqdadır. Xüsusilə Şərq-Qərb beynəlxalq nəqliyyat dəhlizində ölkəmizin rolu ön plana çıxır.

Asiya ilə Avropanı birləşdirən ən qısa və səmərəli marşrut olan Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta Dəhliz) bu mənada yeni inkişaf mərhələsinə qədəm qoyub.

Təkcə bu ilin ilk doqquz ayında "Azərbaycan Dəmir Yolları" QSC Çindən 296 blok-qatar qəbul edib, halbuki ötən ilin analoji dövründə bu rəqəm 213 idi. İlin sonuna qədər Çindən 400-dən çox, Çinə isə 450 blok-qatarın göndərilməsi planlaşdırılır. Ortamüddətli perspektivdə bu göstəricinin illik 1 000 blok-qatar səviyyəsinə çatdırılması hədəflənir.

Son üç ildə Orta Dəhlizlə daşınan yüklərin həcmi təxminən 90 faiz artıb, yüklərin keçid müddəti isə əhəmiyyətli dərəcədə azalıb. 2030-cu ilədək marşrutun daşınma qabiliyyətinin üç dəfə artacağı, tranzit müddətinin isə iki dəfə azalacağı proqnozlaşdırılır.

Bu dinamika Azərbaycanın beynəlxalq logistika sistemində artan rolunu təsdiqləməklə yanaşı, ölkəmizi qitələri birləşdirən strateji bənd kimi önə çıxarır.

Zəfərdən sonra yaranan yeni nəqliyyat reallıqları

Vətən müharibəsində Zəfər qazanan Azərbaycan yalnız özünün ərazi bütövlüyünü bərpa etmədi - eyni zamanda regionda tamamilə yeni siyasi və iqtisadi nizamın əsasını qoydu. Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma layihələri Azərbaycanın regional rolunun daha da artması üçün yeni imkanlar açdı.

Bu istiqamətdə Zəngəzur dəhlizi xüsusi əhəmiyyət daşıyır. Azərbaycan və Ermənistan liderlərinin ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə Vaşinqtonda keçirdiyi görüşdən sinra "Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu" (TRIPP) adlandırılan bu marşrut təkcə Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə birbaşa quru əlaqəsini bərpa etməyəcək, həm də Şərqlə Qərb arasında yeni nəqliyyat arteriyası yaradacaq.

Hazırda bu marşrutun əsas hissəsini təşkil edən Horadiz–Ağbənd dəmir yolu xətti üzrə tikinti yüksək tempdə davam edir. Dəmir yolunun uzunluğu 110,4 kilometr, yan yollarla birlikdə isə 140,6 kilometr təşkil edir. Layihə çərçivəsində 40 körpü, 9 stansiya, 22 avtomobil keçidi, 4 tunel, 3 qalereya və ümumilikdə 600-ə yaxın mühəndis qurğusunun tikintisi nəzərdə tutulur. Hazırda tikinti-quraşdırma işləri üç mərhələdə aparılır.

Birinci mərhələ üzrə - Horadiz–Yuxarı Mərcanlı–Şükürbəyli–Soltanlı hissəsində işlər demək olar tamamlanıb. Artıq Araz İqtisadi Zonası Sənaye Parkına dəmir yolu vasitəsilə yüklərin daşınması həyata keçirilir.

İkinci mərhələdə – Soltanlı–Qumlaq–Həkəri–Mincivan istiqamətində torpaq və mühəndis işləri intensiv şəkildə davam edir. Burada Azərbaycanın ən uzun dəmir yolu körpüsü tikilib - 771 metr uzunluğunda, 23 aşırımdan ibarət möhtəşəm qurğu.

Üçüncü mərhələdə isə 3 tunel və 1 qalereyanın inşası aparılır. Tunellərdə işlərin 71 %-i başa çatıb, dağlıq ərazidə 108 metr uzunluğunda monolit dəmir-beton qalereya tikilir.

Bu günə qədər 75,6 km dəmir yolu quraşdırılıb, layihə üzrə ümumi fiziki tərəqqi 68 % təşkil edir. Dəhlizin avtomobil komponenti - Horadiz–Zəngilan–Ağbənd avtomobil yolu (123,6 km) isə 2026-cı ilin ikinci yarısında tamamlanacaq.

Beləliklə, Zəngəzur dəhlizinin Azərbaycan–Ermənistan sərhədinə qədər olan hissəsi artıq yekunlaşma mərhələsinə daxil olub.

Kommunikasiyaların bərpası istiqamətində tarixi addımlar

ABŞ Prezidenti Donald Trampın şahidliyi ilə keçirilən 8 avqust görüşündə Azərbaycan Prezidenti və Ermənistanın Baş naziri Birgə Bəyanat imzaladılar. Bu sənəddə regional kommunikasiyaların bərpasının əhəmiyyəti təsdiq edildi və bununla Cənubi Qafqazda yeni diplomatik səhifə açıldı.

Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistana yük tranziti ilə bağlı məhdudiyyətləri aradan qaldırması bu istiqamətdə atılmış mühüm addımlardan biri oldu.

Nəticədə, uzun illərdən sonra ilk dəfə Azərbaycan ərazisindən Ermənistana yük tranziti həyata keçirildi. Noyabrın 5-də Rusiya taxılı ilə yüklü 15 vaqon Ağstafadakı Böyük Kəsik stansiyasından yola düşərək Gürcüstan üzərindən Ermənistanın Dalarik stansiyasına çatdı. Ardınca Qazaxıstan taxılı daşıyan 15 vaqonluq qatar Biləcəri–Hacıqabul–Böyük Kəsik–Gürcüstan marşrutu ilə Ermənistana istiqamətləndirildi.

Ermənistanın Baş naziri Nikol Paşinyan bu hadisəni "tarixi dönüş" adlandıraraq, Vaşinqton razılaşmalarının real həyata keçməsinin başlanğıcı kimi qiymətləndirdi. O, eyni zamanda, Azərbaycan üzərindən Türkiyəyə və əks istiqamətdə avtomobil yolu ilə yük tranzitinə hazır olduqlarını bəyan etdi.

Beləcə, illərlə bağlı qalmış yolların açılması və qarşılıqlı tranzit imkanlarının yaranması Cənubi Qafqazda iqtisadi dialoqun bərpası üçün mühüm mərhələ oldu.

Zəngəzur dəhlizi – sülh, rifah və inteqrasiyanın simvolu

Zəngəzur dəhlizinin istifadəyə verilməsi Azərbaycan–Türkiyə arasında yükdaşımaları asanlaşdıracaq, Orta Dəhliz üzrə yük axınlarının fasiləsizliyini təmin edəcək və Bakı–Tbilisi–Qars dəmir yolu ilə birgə vahid regional tranzit şəbəkəsi formalaşdıracaq.

Bu sinerji regionun ticarət, logistika və enerji inteqrasiyasını gücləndirəcək, digər beynəlxalq dəhlizlərə əlavə dəyər yaradacaq. Proqnozlara görə, dəhlizin tam işə düşməsi ilə Orta Dəhliz üzrə əlavə 15 milyon ton yük daşınacaq.

Zəngəzur dəhlizi həmçinin Şimal–Cənub marşrutu ilə əlaqə yaradaraq Avrasiyada şimaldan cənuba, qərbdən şərqə uzanan ticarət və iqtisadi əlaqələrin mərkəzinə çevriləcək.

Bu, həm infrastruktur layihəsidir, həm də sülh, rifah və əməkdaşlığın yol xəritəsidir. Azərbaycanın təşəbbüsləri sayəsində regionda kommunikasiyaların bərpası, inteqrasiya və qarşılıqlı asılılıq üzərində yeni bir sabitlik modeli formalaşır.

Son xəbərlər

Bütün Xəbər Lenti