ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri: Minsk Prosesinin bağlanması növbəti diplomatik uğurdur

Xarici siyasət
  • 01 sentyabr, 2025
  • 16:58
ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri: Minsk Prosesinin bağlanması növbəti diplomatik uğurdur

ATƏT-in Minsk Prosesi və əlaqəli strukturlarının bağlanması Prezident İlham Əliyevin növbəti diplomatik uğurudur. 

Bunu "Report"a Milli Məclisin ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri, deputat Qaya Məmmədov bildirib. 

Onun sözlərinə görə, bu gün bölgədə ədalət və davamlı sülhün bərqərar olunması yolunda tarixi gündür:

"Prezidenti İlham Əliyevin rəhbərliyi altında Azərbaycan diplomatiyası növbəti uğura imza atıb. Azərbaycan Prezidenti və Ermənistan Baş nazirinin ABŞ Prezidentinin dəvəti və iştirakı ilə avqustun 8-də Vaşinqton şəhərində baş tutmuş görüşü çərçivəsində Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin imzaladıqları birgə müraciətə uyğun olaraq, ATƏT-in Nazirlər Şurası ATƏT-in Minsk Prosesinin, ATƏT-in Fəaliyyətdə olan Sədrinin ATƏT-in Minsk Konfransının məşğul olduğu münaqişə üzrə Şəxsi Nümayəndəsinin və Yüksək Səviyyəli Planlaşdırma Qrupunun fəaliyyətinə 1 sentyabr tarixindən etibarən xitam verib və Minsk Konfransının çağırılması barədə ATƏM-in 1992-ci il qərarı əsasında qəbul olunmuş bütün əvvəlki qərar və sənədlərini qüvvədən salıb. Nəticədə keçmiş Ermənistan–Azərbaycan münaqişəsi tamamilə ATƏT-in gündəliyindən çıxarılıb". 

Milli Məclisin üzvü qərarı alqışladığını və bunun bir çox səbəbdən əlamətdar olduğunu vurğulayıb: 

"Keçmiş münaqişənin Azərbaycanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində həll edilmiş olması bu qərarla beynəlxalq miqyasda - özü də vaxtilə məhz həmin münaqişəni sülh yolu ilə həll etmək üçün mükəlləf edilmiş bir beynəlxalq qurum tərəfindən təsdiq edilir. Minsk Prosesinin bağlanması, həmçinin beynəlxalq hüquqdan yan keçməyə cəhd edən uğursuz bir diplomatik yanaşmanın sona çatdığını da göstərir. Bu qərar Azərbaycan və Ermənistanı davamlı sülhə daha da yaxınlaşdırır və Avropada təhlükəsizlik və əməkdaşlığa töhfə verir".