Gürcüstan 9 ayda Azərbaycana 21 milyon dollarlıq mal-qara satıb
- 21 oktyabr, 2025
- 09:29

Bu ilin yanvar-sentyabr aylarında Gürcüstan son 15 ilin rekord həddində - 58,05 milyon ABŞ dolları dəyərində 17 min 493 ton mal-qara ixrac edib.
"Report"un yerli bürosu xəbər verir ki, bu barədə qonşu ölkənin Milli Statistika Xidməti məlumat yayıb.
Məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə ixrac olunan mal-qaranın dəyəri 54,5 %, həcmi isə 34,3 % artıb.
İxrac bazarlarında əsas ölkələr İraq və Azərbaycan olub. Belə ki, İraqa 36,8 milyon ABŞ dolları dəyərində 11 283 ton, Azərbaycana isə 21,2 milyon ABŞ dolları dəyərində 6 210 ton mal-qara göndərilib.
Xatırladaq ki, 2019-cu ildən Gürcüstandan çəkisi 140 kiloqrama qədər olan mal-qaranın ixracına qadağa qoyulmuşdu. Daha sonra bu məhdudiyyət 160 kiloqrama qədər artırılmışdı. Qadağanın məqsədi yerli ət istehsalını və mal-qara bazasını qorumaq idi. Bununla belə, "Azadlıq İnstitutu" və Kvemo Kvalone bölgəsinin fermerləri qərardan Konstitusiya Məhkəməsinə müraciət etmiş və 2024-cü ilin dekabrında iddianı udmuşdular. Nəticədə bu il aprelin 1-dən istənilən çəkidə mal-qaranın ixracına yenidən icazə verilib.