Assosiasiya prezidenti: Son illər ölkədə məhkəmə-hüquq sahəsində mühüm islahatlar aparılır
- 24 oktyabr, 2025
- 10:06
Son illər Azərbaycanda məhkəmə-hüquq sahəsində mühüm islahatlar aparılır.
"Report" xəbər verir ki, bunu Bakı Arbitraj Mərkəzinin və Azərbaycan Arbitraj Assosiasiyasının prezidenti Kəmalə Mehdiyeva jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar nəticəsində ədalət mühakiməsinin müasirləşdirilməsi və alternativ mübahisə həlli mexanizmlərinin inkişafı istiqamətində böyük irəliləyişlər əldə olunub:
"Bu siyasətin məntiqi davamı kimi Bakı Arbitraj Mərkəzinin bu gün açılış mərasimi keçirilir. Hazırkı tədbirin məqsədi də dünyanın müxtəlif regionlarında arbitraj sahəsində fəaliyyət göstərən peşəkar hüquqşünasların bilik mübadiləsi, dövlət və özəl sektorda çalışan hüquqşünasların əməkdaşlığı, eləcə də ölkəmizdə arbitraj sektorunun müzakirəsi üçün dinamik platforma təşkil etməkdir".
K.Mehdiyeva bildirib ki, Bakı Arbitraj Mərkəzinin əsas məqsədi "Arbitraj haqqında" qanuna müvafiq olaraq beynəlxalq arbitraj sahəsində fəaliyyət göstərmək və mübahisələrinin həlli üsulu kimi arbitrajı seçmiş tərəflərə ədalətli, şəffaf və səmərəli arbitraj xidmətləri təqdim etməkdir:
"Bakı Arbitraj Mərkəzinin daimi arbitraj təşkilatı olaraq əsas funksiyası mübahisələrin həlli üçün arbitraj məhkəməsinin səlahiyyətlərinə aid məsələlər istisna olmaqla arbitraj icraatının idarə edilməsi, arbitrajın təşkilati təminatı, o cümlədən arbitrlərin təyin olunması, onlara etiraz edilməsi və onların səlahiyyətinə xitam verilməsi məsələlərinin həlli, kargüzarlığın aparılması, arbitraj haqlarının və digər arbitraj xərclərinin ödənilməsinin təşkilindən ibarətdir".