Mikayıl Cabbarov: "Azərbaycan startap və innovasiya ekosisteminin inkişafına xüsusi önəm verir"
- 24 oktyabr, 2025
- 12:35
Azərbaycan son illərdə startap və innovasiya ekosisteminin inkişafına xüsusi önəm verir.
"Report" xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Sənaye, Elm, Texnologiya və İnnovasiya Nazirlərinin 2-ci Toplantısında deyib.
Onun sözlərinə görə, bu sahəni iqtisadi diversifikasiyanın, rəqabət qabiliyyətinin və yeni nəsil sahibkarlığın əsas istiqamətlərindən biri kimi qiymətləndirir.
O bildirib ki, startapların təşəbbüskarlığı, çevikliyi və innovativ düşüncəsi ölkəmizdə yeni iqtisadi dəyərlərin formalaşmasına, qeyri-neft sektorunun genişlənməsinə və rəqabətli texnologiya mühitinin yaranmasına mühüm töhfə verir: "Azərbaycanda bu istiqamətdə həyata keçirilən təşəbbüslərdən biri Sabah.hub innovasiya mərkəzidir. Sabah.hub gənc mütəxəssisləri, startapları və investorları bir araya gətirərək ideyadan kommersiyalaşmaya qədər olan prosesdə dəstək göstərir".
M. Cabbarov qeyd edib ki, mərkəzin nəzdində yaradılmış "Sabah" Venture Fondu isə yerli innovasiya layihələrinə sərmayə yatırmaqla, yeni nəsil texnoloji şirkətlərin formalaşmasına təkan verir: "Bu, Azərbaycanın innovasiyanı iqtisadi siyasətin əsas tərkib hissəsinə çevirdiyini bir daha göstərir".
M. Cabbarov əlavə edib ki, özəl sektorun və sənaye nümayəndələrinin iqtisadi əməkdaşlıq formatlarına daha fəal şəkildə cəlb olunması vacibdir: "Məhz biznes strukturları əməkdaşlığın əsas hərəkətverici qüvvəsinə çevrilməli, ideyaların, texnologiyaların və investisiyaların mənbəyi olmalıdır. Məqsədimiz ondan ibarətdir ki, ölkələrarası əməkdaşlıq təkcə dövlət qurumları səviyyəsində deyil, həm də şirkətlər, sənaye assosiasiyaları və texnoloji platformalar səviyyəsində qurulsun. Bu baxımdan biz ölkələrimizdə fəaliyyət göstərən iri sənaye şirkətlərinin iştirakı ilə Texnologiya platformasının qurulmasını təklif edirik ki, bu da istehsal müəssisələrini, tədqiqat mərkəzlərini və startap ekosistemlərini birləşdirərək regionda dayanıqlı sənaye artımının və innovasiyaların əsasını formalaşdırsın".