Türkiyə parlamentinin sədri TÜRKPA Baş katibini qəbul edib
- 24 oktyabr, 2025
- 12:38
Ankara şəhərində Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş TÜRKPA Baş katibi səfir Ramil Həsənin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
TÜRKPA-dan "Report"a verilən məlumata görə, Numan Kurtulmuş vəzifə səlahiyyətlərinin icrasına başlaması münasibətilə Ramil Həsənə təbriklərini çatdırıb, ona uğurlu və effektiv fəaliyyət arzu edib.
Görüşdə türk dövlətlərinin Xarici İşlər nazirlikləri ilə əməkdaşlığın gücləndirilməsi, Türk Dövlətləri Təşkilatı ilə yeni əməkdaşlıq mexanizminin həyata keçirilməsi, Assambleya çərçivəsində müxtəlif beynəlxalq parlament təşkilatları çərçivəsində milli parlamentlərin nümayəndə heyətlərinin koordinasiyasının gücləndirilməsi, türk dövlətləri arasında ortaq əməkdaşlığın qorunması və möhkəmləndirilməsi istiqamətində TÜRKPA-nın gələcək fəaliyyətinə dair müzakirələr aparılıb. Numan Kurtulmuş digər komitə iclasları ilə yanaşı müdafiə, təhlükəsizlik və hərbi məsələlər üzrə komitələrin iclaslarının keçirilməsinin məqsədəuyğun olduğunu bildirib.
Türkiyə parlamentinin sədri ilə Baş katib arasında müzakirələr zamanı diqqəti çəkən əsas mövzular arasında ATƏT PA-nın iclasları çərçivəsində üzv parlamentlərin nümayəndə heyətləri rəhbərlərinin görüşlərinin və parlament sədrlərinin illik qeyri-rəsmi görüşlərinin təşkil edilməsi imkanları da yer alıb. İlk dəfə olaraq belə bir görüşün 2026-cı ilin aprel ayında Parlamentlərarası İttifaqın (PAİ) İstanbul şəhərində keçiriləcək 152-ci Assambleyası çərçivəsində keçirilməsi nəzərdə tutulur.
Digər mühüm təşəbbüslər arasında komitə sədrlərinin və dostluq qruplarının TÜRKPA-nın hazırkı fəaliyyətdə olan sədrliyinin rəhbərliyi altında bir araya gətirilməsi məsələsi olub.
Tərəflər Katibliyin hüquqi sənədlərinin yenilənməsini və növbəti plenar iclasda yenilənmiş hüquqi sənədlərin, eyni zamanda müasir tələblərə cavab verən yeni büdcənin qəbul edilməsi məsələlərini də müzakirə ediblər. Numan Kurtulmuş, öz növbəsində, qeyd olunan təşəbbüsləri tam dəstəkləyib.
Eyni zamanda, ümumi fəaliyyətin daha da təkmilləşdirilməsi məqsədilə TÜRKPA və PAİ Baş katiblərinin ikitərəfli görüşündə qısamüddətli təcrübə proqramlarının həyata keçirilməsinə dair əldə edilmiş razılıq müsbət qarşılanıb və gələcəkdə ATƏT və ATƏT PA kimi digər beynəlxalq təşkilatların katibliklərinin təcrübəsindən yararlanmaq məqsədəuyğun hesab edilib.
Baş katibi onun müavinləri Talqat Aduov və Muhammet Alper Hayali müşayiət ediblər.