Papuaşvili: Yerli terrorçuları dəstəkləyən ATƏT-in fəaliyyətdə olan sədri istefa verməlidir

Region
  • 17 oktyabr, 2025
  • 20:18
Papuaşvili: Yerli terrorçuları dəstəkləyən ATƏT-in fəaliyyətdə olan sədri istefa verməlidir
Şalva Papuaşvili

Yerli terrorçuları dəstəkləyən ATƏT-in fəaliyyətdə olan sədri istefa verməlidir.

"Report"un yerli bürosu xəbər verir ki, bunu Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili Finlandiyanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Elina Valtonenin Tbilisidə çəkilən görüntülərinə münasibət bildirərkən yazıb.

Onun sözlərinə görə, Valtonenin Tbilisinin Rustaveli prospektində videoçəkiliş zamanı "ekstremist qrupun nümayəndəsi ilə danışması" məsuliyyətsiz addım idi və bu davranış radikallara açıq dəstək kimi qiymətləndirilə bilər.

Papuaşvili qeyd edib ki, Valtonenin söhbət etdiyi şəxs – Mariam Mekantsişvili oktyabrın 4-də Prezident Sarayına basqın edən zorakı qrupun təşkilatçılarından biri olub. Bu barədə məlumatı Gürcüstan Daxili İşlər Nazirliyi onun həbsindən sonra yayıb.

"Avropalı siyasətçi daxili terrorla məşğul olan şəxslərin yaxınlığında görünürsə, o, ya nə etdiyini bilmir, ya da buna qəsdən göz yumur. Hər iki variant eyni dərəcədə qəbuledilməzdir," – parlament sədri bildirib.

O, vurğulayıb ki, Valtonenin Gürcüstan parlamentinin qarşısındakı çıxışı da radikallara dəstək verməkdir:

"Bu, Avropa İttifaqının mövcud xarici siyasətinin təhlükəli və dəyərlərimizə yad nümunəsidir. Gürcüstan belə siyasətə dözməməlidir. Yerli terrorçulara dəstək üzə çıxdıqdan sonra məsuliyyətli siyasətçi ATƏT-in fəaliyyətdə olan sədri vəzifəsindən istefa verməlidir".

Son xəbərlər

Bütün Xəbər Lenti