ANAMA sədri Tokioda ikitərəfli əməkdaşlıq üzrə müzakirələr aparıb

Xarici siyasət
  • 24 oktyabr, 2025
  • 18:37
ANAMA sədri Tokioda ikitərəfli əməkdaşlıq üzrə müzakirələr aparıb

Azərbaycan Respublikası Minatəmizləmə Agentliyi (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov Yaponiyanın Tokio şəhərində keçirilən Ukraynada Mina Fəaliyyəti üzrə Konfrans çərçivəsində bir sıra rəsmi görüşlər keçirib.

Bu barədə "Report"a ANAMA-dan bildirilib.

ANAMA rəhbərinin mina təhlükəsi ilə mübarizə sahəsində nüfuzlu beynəlxalq təşkilat olan Cenevrə Beynəlxalq Humanitar Minatəmizəmə Mərkəzinin (GICHD) direktoru Tobias Privitelli ilə görüşündə cari ildə həmin Mərkəzlə Agentlik arasında imzalanmış "Azərbaycan Respublikasında minatəmizləmə fəaliyyətinə dəstəyin təmin edilməsinə dair" Anlaşma Memorandumunun icrası, eləcə də digər əməkdaşlıq məsələləri ətrafında danışıqlar aparılıb.

Onun konfrans çərçivəsində keçirilən növbəti görüşü ASEAN Regional Minatəmizləmə Mərkəzinin (ARMAC) icraçı direktoru Rotna But ilə baş tutub. Görüşdə ARMAC, ona üzv ölkələrin minatəmizləmə qurumları və ANAMA arasında mina təhlükəsi ilə mübarizə sahəsində əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub.

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının nümayəndəsi Rodrige Vinet ilə görüşdə minatəmizləmə əməliyyatlarının ekologiya və ətraf mühitə təsirinin azaldılması yolları nəzərdən keçirilib.

Yaponiya Xarici İşlər Nazirliyinin (XİN) Avropa məsələləri bürosu baş direktorunun müavini İşikava Masaki ilə görüşdə isə mina təhlükəsi ilə mübarizə sahəsində əməkdaşlıq və Yaponiyanın Azərbaycandakı humanitar minatəmizləmə fəaliyyətinə dəstək imkanları ətrafında fikir mübadiləsi aparılıb.

Son xəbərlər

Bütün Xəbər Lenti