Aİ səfiri: "Azərbaycanla yeni əməkdaşlıq prioritetləri üzərində iş tamamlanmaq üzrədir"
- 21 oktyabr, 2025
- 18:07

Avropa İttifaqı (Aİ) ilə Azərbaycan arasında yeni əməkdaşlıq prioritetləri üzərində iş tamamlanmaq üzrədir.
"Report" xəbər verir ki, bu barədə Aİ-nin Azərbaycandakı səfiri Mariyana Kuyunciç "Mərkəzi Baltik - Azərbaycan" biznes forumunda çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, Aİ islahatlar yolunda Azərbaycana dəstək göstərməyə davam edir və yaxın zamanda təsdiqlənə biləcək yeni əməkdaşlıq prioritetlərinin müəyyənləşdirilməsi üzərində aktiv şəkildə işləyir.
Diplomat vurğulayıb ki, biznes forumlar ənənəvi olaraq şirkətlərin birləşməsi və birgə layihələrin inkişafı üçün səmərəli platforma rolunu oynayır: "Bu forum çərçivəsində idarəetmə, su ehtiyatları, rəqəmsal əczaçılıq sənayesi, qida məhsullarının sertifikatlaşdırılması və əməyin mühafizəsi məsələləri müzakirə olunur. Tərəflər arasında iqtisadi əməkdaşlığın gücləndirilməsinə yönəlmiş Aİ tərəfindən maliyyələşdirilən "EU-Azerbaijan Business Forum 2024-2026" layihəsinə xüsusi diqqət ayrılır. Bu təşəbbüsün əsas nəticələrindən biri investisiya mühitinin müstəqil icmalı olan "EU Business Climate Report" olacaq".