Çin sağlamlıq və tibbi turizm təcrübəsini Azərbaycanda tətbiq edə bilər
- 15 oktyabr, 2025
- 11:21

Çinli iş adamları Azərbaycanda Səhiyyə Texnologiyaları Ticarət Mərkəzi, Süni İntellekt Mərkəzi, Yenilik və Ənənəvi Çin Təbabəti Mərkəzi, həmçinin Uzunömürlülük, Biotexnologiya, Qocalmanın Qarşısının Alınması və İnnovativ Təhsil Mərkəzi qurmağı planlaşdırır.
"Report" xəbər verir ki, bunu Çinin Sağlamlıq və Tibbi Turizm Assosiasiyasının sədri Cia Şiao Fanq Bakıda keçirilən II Azərbaycan Sağlamlıq Turizmi Konfransında bildirib.
"Ənənəvi Çin təbabətinin 5 000 ildən çox tarixi var, lakin bu günə qədər nə Azərbaycan bazarında, nə də Qafqaz regionunda bu sahə üzrə peşəkar tibbi mərkəz mövcud deyil. Bu isə səhiyyə investisiyaları, profilaktika, immunitetin gücləndirilməsi, müalicə və reabilitasiya üçün mühüm potensial deməkdir, xüsusilə Azərbaycanın tibbi turizm bazarı üçün unikal imkan yaradır", - deyə o qeyd edib.