Türkiyəli professor: Yaxın Şərqdə sülhün təmin edilməsində Azərbaycan da mühüm rol oynayıb

Xarici siyasət
  • 15 oktyabr, 2025
  • 13:28
Türkiyəli professor: Yaxın Şərqdə sülhün təmin edilməsində Azərbaycan da mühüm rol oynayıb

Yaxın Şərqdə sülhün təmin edilməsində Azərbaycan da mühüm rol oynayıb.

Bunu "Report"un Türkiyə bürosuna açıqlamasında Yedditəpə Universitetinin professoru Mesut Hakkı Çaşın deyib.

Dünya liderlərinin iştirakı ilə oktyabrın 13-də Misirin Şarm əl-Şeyx şəhərində keçirilən Yaxın Şərq Sülh Sammitini dəyərləndirən ekspert bölgədəki böhranın birdəfəlik həlli prosesində Türkiyə ilə yanaşı, Azərbaycanın da mühüm rol oynadığını qeyd edib:

"Qəzza zolağında sabit atəşkəsin əldə edilməsi məqsədi ilə təşkil olunan sammitdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı, dövlət başçılarının orada keçirdikləri görüşlər ümumi prosesə müsbət təsir göstərdi. Bu tədbir Türkiyə və ABŞ, həmçinin ərəb dövlətləri ilə münasibətləri yüksək səviyyədə olan Azərbaycanın Yaxın Şərqdə nüfuzunun əhəmiyyətli dərəcədə yüksəldiyini nümayiş etdirdi. O baxımdan, Yaxın Şərqdə sülhün təmin edilməsində Azərbaycanın da rolunun olduğu vurğulanmalıdır".

Professor öz imkanları ilə ərazi bütövlüyünü və suverenliyini tam bərpa etmiş Azərbaycanın dünya miqyasında qazandığı sülhsevər ölkə imicinin xüsusilə son vaxtlar daha da möhkəmləndiyini diqqətə çatdırıb:

"Sammitdə sülh planının təsdiq olunmasından sonra Qəzza əhalisinin geri qayıdış prosesinin başlamasında və onlara humanitar yardımların çatdırılmasında Türkiyə ilə Azərbaycanın dəstəyi vacib faktor kimi çıxış edir. Ümumiyyətlə, bu iki ölkənin dünyada davam edən bütün münaqişələrə son qoyulmasına hədəflənmiş fəaliyyəti digər dövlətlərə nümunə olmalıdır. Həmçinin Azərbaycan Ermənistanla münasibətləri normallaşdırmaq prosesini davam etdirməklə, Cənubi Qafqazda sülhün bərqərar olunmasına böyük töhfə verir".

Son xəbərlər

Bütün Xəbər Lenti