Oğuzun Mollalı kəndinə qaz çəkilişi yarımçıq qalıb, "Azəriqaz" işlərin yekunlaşacağı müddəti açıqlayıb
- 15 noyabr, 2025
- 12:52
Oğuz rayonu Mollalı kəndinin əhalisi məntəqəyə yarımçıq qalan təbii qaz çəkilişinin tezliklə bərpa olunaraq yekunlaşmasını gözləyir.
Bu barədə "Report"un Şimal-qərb bürosuna müraciət edən Mollalı kənd sakinləri məlumat veriblər.
Onların sözlərinə görə, Oğuz və Qəbələ rayonlarının sərhəddində yerləşən, 600 nəfərə yaxın əhalisi olan bu kənddə tarixən təbii qaz olmayıb. Bu səbəbdən sakinlər yanacaq qismində odun və digər vasitələrdən istifadə etməli olurlar. Ancaq odun yandırmaq kənd sakinlərinə heç də ucuz başa gəlmir. Bildiriblər ki, qışdan yaza çıxmaq üçün tək oduna 1500 manatdan çox pul xərcləməli olurlar. Maraqlıdır ki, Mollalı kəndinə ötən il qaz çəkilişinə başlanılsa da, məlum olmayan səbəblərdən işlər yarımçıq saxlanılıb.
Kənd sakini İlham Hüseynov qeyd edib ki, ilyarım əvvəl qaz çəkilişinə başlanıldıqda əhali çox sevinsə də, bu məmnunluq uzun sürməyib:
"İşləri yarımçıq qoyub getdilər, səbəbini hələ də bilmirik. Kənddə qaz yoxdur, meşədən odun qırıb gətirməyə də icazə vermirlər. Qış gəlib, amma heç kimin qapısında yandırmağa odun yoxdur. Bir maşın odunun qiyməti 700 manatdır, onu da almağa imkanımız yoxdur. Bilmirik, necə edək".
Kəndin digər sakini Səxavət Əzizov bildirib ki, Mollalıya qaz çəkilişi ilə bağlı bir neçə dəfə konkret vaxt deyilsə də, heç nə dəyişməyib:
"Bizə verilən vədlər yerinə yetirilsəydi, kəndə qaz çəkilişi ötən ilin sentyabrında yekunlaşmalı idi. Daha sonra dedilər ki, bu ilin avqustunda kənddə qaz olacaq. Ancaq gördüyünüz kimi, işlər yarımçıq saxlanılıb. Qaz probleminə görə neçə ailə qonşu rayonlara köçüb gedib".
Məsələ ilə bağlı "Report"un yerli bürosunun sorğusunu cavablandıran "Azəriqaz" İstehsalat Birliyinin mətbuat katibi Eldəniz Vəliyev bildirib ki, Oğuzun Mollalı kəndinə daşıyıcı xəttin çəkilişi demək olar, yekunlaşdırılıb:
"Sadəcə, çay keçidi olan ərazidə 100 metrlik məsafə qalıb. Orada çəkilişin yekunlaşması ilə işlər tamamlanacaq. Ümumiyyətlə, çay keçidləri işlərin tempinə müəyyən təsir göstərir. Əgər fors-major hal baş verməsə, maksimum bir ay müddətinə kəndə daşıyıcı xəttin çəkilişi başa çatacaq".