Jest dilinin öyrənilməsi üçün yeni mobil tətbiq yaradılıb

Sosial müdafiə
  • 08 oktyabr, 2025
  • 13:23
Jest dilinin öyrənilməsi üçün yeni mobil tətbiq yaradılıb

ADA Universitetində jest dili tətbiqi layihəsinin təqdimatı olub.

"Report" xəbər verir ki, tədbirdə universitetin prorektoru Fariz İsmayılzadə, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Bayramov, bp şirkətinin Xəzər regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli iştirak edib.

Layihə barədə məlumat verən universitetin müəllimi Nurlan Sədili vurğulayıb ki, yeni istifadəyə verilmiş tətbiq istifadəçi interfeysi də daxil olmaqla bütünlüklə Azərbaycan dilindədir:

"Platformaya xüsusi olaraq layihə üçün hazırlanmış 789 video, 358 jest dili sözü və 27 illüstrativ şəkil daxil edilib ki, bu da öyrənmə prosesini həm maraqlı, həm də səmərəli edir. Bu məzmun istifadəçilərə jest dili lüğətini genişləndirməyə kömək etməklə yanaşı, vizual və interaktiv alətlər vasitəsilə real ünsiyyət ssenarilərini məşq etməyə imkan verir. Mobil tətbiqi bütün əsas tətbiq platformalarından yükləmək mümkün olacaq.

Layihənin məqsədi eşitmə və nitq qüsurlu şəxslərin digər insanlarla və öz aralarında ünsiyyət imkanlarını genişləndirməkdir".

bp-nin Xəzər regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli bildirib ki, əsl inklüzivlik ünsiyyətdən başlayır:

"Bu layihə təkcə innovativ bir öyrənmə vasitəsi təmin etmir, o, həm də anlama, empatiya və ünsiyyət üçün yeni imkanlar yaradır. 12 aya tamamlanmış bu layihəyə təxminən 117 min manat xərclənib. Bu məbləğ layihənin bütün mərhələləri, yəni məlumatların toplanması, jest dili üzrə mütəxəssislərlə məsləhətləşmələr, tətbiqin dizaynı, hazırlanması və sınaqdan keçirilməsi, eləcə də tətbiqin onlayn platformalarda yerləşdirilməsi və bulud hostinq xidmətləri üzrə xərcləri əhatə edir".

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Bayramov diqqətə çatdırıb ki, xüsusi qayğıya ehtiyacı olan şəxslərin inklüziv cəmiyyətə inteqrasiyası prioritet istiqamətlərdəndir:

"Sosial siyasətin əsas hədəflərindən biri xüsusi qayğıya ehtiyacı olan şəxslərin cəmiyyətə inteqrasiyası və onların hüquqlarının təmin olunmasıdır. Bu istiqamətdə həyata keçirilən islahatlar nəticəsində inklüziv təhsil, məşğulluq və sosial xidmətlər sahəsində mühüm irəliləyişlər əldə olunub. Azərbaycanda rəsmi olaraq 12 mindən çox eşitmə və nitq əlilliyi olan şəxs var. Onlar da digər şəxslər kimi dövlət tərəfindən çoxşaxəli dəstəklə əhatə olunub və müxtəlif sahələrdə çalışır".

Son xəbərlər

Bütün Xəbər Lenti