Azər Kərimli: Ukrayna ərazi bütövlüyünü Azərbaycan kimi öz gücü hesabına təmin etmək iqtidarında deyil

Siyasət
  • 23 noyabr, 2025
  • 10:46
Azər Kərimli: Ukrayna ərazi bütövlüyünü Azərbaycan kimi öz gücü hesabına təmin etmək iqtidarında deyil

Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə öz gücü hesabına ərazi bütövlüyünü təmin edib, Ukrayna isə bu addımları atmaq iqtidarında deyil.

Bu sözləri "Report"a açıqlamasında Milli Məclisin deputatı Azər Kərimli deyib.

A. Kərimli bildirib ki, müasir beynəlxalq münasibətlər sistemində müharibələrin necə başlandığı qədər onların necə bitməsi də qlobal güc balansını müəyyənləşdirən əsas amillərdəndir:

"2022-ci ildən bəri Ukrayna ətrafında formalaşan hərbi-siyasi mühit, müxtəlif dövlətlər və beynəlxalq institutlar tərəfindən irəli sürülmüş sülh planlarının bir-birinin ardınca iflasa uğraması göstərir ki, bu münaqişənin həlli yalnız diplomatik təşəbbüslərin çoxluğu ilə mümkün deyil. Burada həm regional təhlükəsizlik arxitekturasının transformasiyası, həm böyük güclərin strateji maraqları, həm də Ukraynanın daxili və institusional imkanları həlledici rol oynayır. Ukrayna üçün təqdim edilən sülh modellərinin nəticə verməməsi bir neçə fundamental amildən qaynaqlanır".

Deputatın sözlərinə görə, həmin amilərdən ilki güclər balansının qeyri-sabitliyidir:

"Sülh təşəbbüsləri yalnız tərəflər arasında minimum siyasi balans və qarşılıqlı güzəşt iradəsi mövcud olduqda nəticə verə bilər. Lakin hazırkı mərhələdə nə Ukrayna, nə də Rusiya geri çəkilmək istəyir. Qərb isə təhlükəsizlik arxitekturasını dəyişmədən Ukraynanı tam şəkildə dəstəkləməkdə maraqlı görünmür. Bu, sülh təşəbbüslərini təbii olaraq dalana sürükləyir. Digər mühüm amil siyasi iradənin parçalanmasıdır. Ukraynanın daxili siyasi sistemində konsensusun olmaması, eləcə də Qərb ölkələri arasında yanaşmaların ziddiyyətliliyi vahid sülh modelinin qəbul olunmasına mane olur. ABŞ, Avropa İttifaqı və NATO daxilində münaqişənin gələcəyi ilə bağlı fərqli strateji baxışların mövcudluğu sülh planlarını zəiflədən faktordur".

A. Kərimli Ukraynanın uzunmüddətli təhlükəsizlik təminatının qeyri-müəyyənliyini də digər önəmli məqam kimi vurğulayıb:

"Sülh danışıqlarında ən mühüm məsələlərdən biri postmüharibə dövründə təhlükəsizlik təminatlarıdır. Ukrayna NATO-ya üzvlüyü özünün yeganə zəmanəti hesab edir, lakin bu, Rusiya üçün "qırmızı xətt"dir. Bu ziddiyyətin yumşaldılması mümkün olmadıqca sülh planlarının reallaşması da çətin görünür. Prezident İlham Əliyev həm işğal, həm müharibə, həm də postmüharibə dövründə istisnasız olaraq yalnız milli maraqlardan çıxış edib, dövlətin strateji hədəflərini dəqiqliklə müəyyənləşdirib, xalqı vahid lider və ideya ətrafında birləşdirməyi bacarıb, diplomatik müstəvidə ölkənin mənafeyini qətiyyətlə müdafiə edib və nəhayət, Azərbaycanın öz gücü ilə ərazi bütövlüyünü bərpa etməsini reallığa çevirib. Bu həm liderlik amilinin, həm də milli potensialın yüksəkliyinin nümunəsidir".

Deputat bildirib ki, Azərbaycan 2020-ci ildə haqq müharibəsini təkbaşına, heç kimdən yardım almadan apararaq qalib gəlib. Onun sözlərinə görə, bunun üçün güclü ordu qurulub, iqtisadi müstəqillik təmin edilib, ölkənin xarici siyasəti çox vektorlu və balanslı şəkildə qurulub, milli həmrəylik təmin edilib, müharibə sonrası yaranmış yeni reallıq dünyaya qəbul etdirilib:

"Bu model postsovet məkanında presedenti olmayan hadisədir. Reallıq göstərir ki, Ukrayna hazırda bu addımları atmaq iqtidarında deyil. Çünki Ukraynanın müharibə aparma gücü tamamilə ABŞ və Avropadan aldığı silah və maliyyəyə bağlıdır. İqtisadi bazanın məhvi, miqrasiya axını, sənaye və enerji infrastrukturunun sıradan çıxması Ukraynanın uzunmüddətli müqavimət gücünü zəiflədir. Azərbaycan qalibiyyətə diplomatik izolyasiyadan çıxaraq, balanslaşdırılmış və suveren xarici siyasətlə yetişdi. Ukrayna isə bu gün hərbi-siyasi baxımdan öz qərarlarını təkbaşına vermək imkanına malik deyil. Ukrayna üçün təklif olunan sülh planlarının əsas səbəbləri qlobal güc balansı, təhlükəsizlik arxitekturasının dəyişməsi, regionda maraqların toqquşması və Ukraynanın institusional zəiflikləridir. Azərbaycanın müharibədə qələbəsi və yeni reallıq yaratması isə həm güclü liderliklə, həm də milli iradə və onu ifadə etmək məharəti, iqtisadi müstəqillik, ordu quruculuğu, strateji planlaşdırma və suveren xarici siyasət kursu ilə bağlıdır".

Son xəbərlər

Bütün Xəbər Lenti