Murad Mirzəyev: TƏBİB tabeli xəstəxanalarda radioloji xidmətlərlə bağlı hədəfin 70 %-i yenilənib
- 15 oktyabr, 2025
- 12:37

TƏBİB tabeli xəstəxanalarda radioloji xidmətlərlə bağlı qarşıya qoyulan hədəfin 70 %-i yenilənib.
"Report" xəbər verir ki, bunu qurumun Strateji inkişaf departamentinin rəhbəri Murad Mirzəyev II "Azərbaycan Sağlamlıq Turizmi Konfransı"nda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, hazırda ölkədə təqdim olunan tibb xidmətlərin 65-70 %-i TƏBİB tabeli xəstəxanalarda icra olunur:
"Diaqnostik və instrumental xidmətlərin təkmilləşdirilməsi istiqamətində işlər aparılıb, laboratoriyalar tam yenilənib. Radioloji xidmətlərlə, xüsusilə KT və MRT ilə təchicatla bağlı tibb müəssisələrinə son 5 ildə 30-dan çox avadanlıq verilib, bununla da qarşıya qoyulan hədəfin 70 %-i icra olunub.
M.Mirzəyev bildirib ki, əvvəl dövlət xəstəxanalarında müalicəsi mümkün olmayan dəyəri yüksək, həyati vacib bəzi prosedurlar hazırda icra olunur:
"Hazırda Şirvan, Lənkəran və Şəkidə ürək mərkəzləri fəaliyyət göstərir. Bundan başqa, Lənkəran və Qubada uroloji və travmatoloji mərkəz açılıb".