Azərbaycandan Səudiyyə Ərəbistanına yumurta, ət və süd məhsullarının ixracının artırılması müzakirə olunub
- 08 oktyabr, 2025
- 09:48

Azərbaycandan Səudiyyə Ərəbistanına yumurta, ət, süd məhsulları və fitosanitar nəzarət altında olan digər kənd təsərrüfatı məhsullarının ixracının artırılması məsələləri müzakirə edilib.
Bu barədə "Report"a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.
Bildirilib ki, AQTA və Səudiyyə Ərəbistanının Ətraf Mühit, Su və Kənd Təsərrüfatı Nazirliyinin nümayəndələri arasında onlayn formatda görüş təşkil olunub.
Eyni zamanda, "Bitki mühafizəsi və karantini sahəsində əməkdaşlıq haqqında" imzalanmış Anlaşma Memorandumunun müddəalarının icrası müzakirə olunub. Ölkə daxilində məhdud dairələrdə tətbiq olunan zərərverici orqanizmlərin siyahısı və idxal karantin tələbləri barədə qarşı tərəfə ətraflı məlumat verilib.
Həmçinin, baytarlıq və fitosanitar sahələrdə əməkdaşlığın genişləndirilməsi perspektivləri üzrə fikir mübadiləsi aparılıb.