Ağciyər Xəstəlikləri Mərkəzinin Pulmonologiya Xəstəxanasının açılışı olub

Sağlamlıq
  • 03 dekabr, 2025
  • 17:33
Ağciyər Xəstəlikləri Mərkəzinin Pulmonologiya Xəstəxanasının açılışı olub

TƏBİB-in tabeliyində fəaliyyət göstərən Ağciyər Xəstəlikləri Mərkəzinin Pulmonologiya Xəstəxanasının açılışı baş tutub.

Bu barədə "Report"a TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, açılış mərasimində TƏBİB-in İcraçı direktorunun müavini Anar İsrafilov, TƏBİB-in İxtisaslı tibbi xidmətin təşkili departamentinin rəhbəri Nəzrin Mustafayeva, Ağciyər Xəstəlikləri Mərkəzinin direktoru Nəhmət Rəhmanov və digər rəsmi şəxslər iştirak edib.

Tibb müəssisəsində görülən işlərlə bağlı məlumat verən Ağciyər Xəstəlikləri Mərkəzinin direktoru N.Rəhmanov bildirib ki, Pulmonologiya Xəstəxanası Azərbaycanda tənəffüs sistemi xəstəliklərinin diaqnostikası və müalicəsi üzrə ixtisaslaşmış yeganə tibb müəssisəsidir: "Belə bir xəstəxananın istifadəyə verilməsi tənəffüs sistemi xəstəliklərinin erkən aşkarlanması və müalicəsində yeni mərhələ açır".

Xəstəxananın Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsində pasiyentlər ilkin mərhələdə xəstəliyin ağırlıq dərəcəsinə uyğun olaraq triaj olunur və müvafiq şöbələrə yönləndirilir.

Ambulator şöbədə pulmonoloq, ftiziatr, terapevt, spirometriya, elektrokardioqrafiya (EKQ) bronxoskopiya, o cümlədən prosedur otaqları yaradılıb.

40 çarpayılıq stasionar şöbələrdə isə palatalar müasir tələblərə uyğunlaşdırılıb və hər biri havalı döşəklə, çoxfunksiyalı çarpayılarla tam təmin olunub.

Altı çarpayılıq Reanimasiya və intensiv terapiya şöbəsi süni ventilyasiya cihazları, defibrillyator, monitor kompleksləri və digər müasir tibbi avadanlıqlarla təchiz olunub. Burada həyati göstəriciləri risk altında olan, xüsusi baxım tələb edən pasiyentlərə 24 saat ərzində fasiləsiz tibbi yardım göstərilir. Şöbədə müasir innovasiyaların tətbiqi nəticəsində pasiyent təhlükəsizliyinin təmin olunması, o cümlədən vaxtında reanimasiya tədbirlərinin həyata keçirilməsi üçün zəruri imkanlar yaradılıb. Müşahidə postundan mərkəzləşdirilmiş monitor vasitəsilə hər bir pasiyentə fasiləsiz video-nəzarət aparılır və kardio-monitorların göstəriciləri davamlı şəkildə izlənilir.

Bundan əlavə Pulmonologiya Xəstəxanası müasir standartlara uyğun şəkildə süni ventilyasiya cihazları, mərkəzləşdirilmiş oksigen və vakuum sistemləri ilə təchiz olunub.

Şüa-diaqnostika müayinələrində çevikliyin təmin olunması üçün rəqəmsal stasionar rentgen və ultrasəs müayinəsi (USM) cihazları quraşdırılıb, laboratoriya testlərinin və instrumental müayinələrin aparılması üçün lazımi şərait yaradılıb.

Tibb müəssisəsində Qeydiyyat, Aptek, Texniki dəstək bölmələri ilə yanaşı, qazanxana, camaşırxana, təsərrüfat otaqları və anbar üçün ayrıca köməkçi sahələr mövcuddur.

Son xəbərlər

Bütün Xəbər Lenti