Trampın Türkiyəyə səfər proqramı açıqlanıb

Region
  • 06 iyul, 2026
  • 03:18
Trampın Türkiyəyə səfər proqramı açıqlanıb

NATO sammitində iştirak etmək üçün Ankaraya gələcək ABŞ Prezidenti Donald Tramp Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Suriya lideri Əhməd əl-Şara və Ukraynanın dövlət başçısı Volodimir Zelenski ilə görüşəcək.

"Report" xəbər verir ki, "CNN Türk"ün müxbiri Yunus Paksoy ABŞ Prezidentinin Ankarada keçiriləcək NATO sammiti üçün proqramın təfərrüatlarını açıqlayıb. "Ağ Evin yüksək vəzifəli rəsmisi ilə keçirdiyim görüşdə Donald Trampın səfər proqramının bəzi detalları ortaya çıxdı. Tramp çərşənbə axşamı günortadan sonra təyyarə ilə Ankaraya enəcək. Onu Prezident Rəcəb Tayyib Ərdoğan qarşılayacaq.

Elə həmin axşam, ABŞ rəhbəri Prezident Ərdoğanla rəsmi qarşılanma mərasimində iştirak edəcək, fəxri qarovulu salamlayacaq. Sonra dövlət başçıları arasında ikitərəfli görüş keçiriləcək.

Tramp çərşənbə günü NATO liderləri ilə şam yeməyində iştirak edəcək. Çərşənbə günü günortadan sonra rəsmi qarşılanma mərasimində və ailə fotosessiyasında iştirak edəcək, ardınca NATO liderləri ilə işgüzar görüş keçiriləcək.

Tramp sammit çərçivəsində həm Suriya Prezidenti, həm də Ukrayna lideri ilə görüşlər keçirəcək.

O, Ankaranı tərk etməzdən əvvəl mətbuat konfransı keçirəcək. Çərşənbə axşamı Ağ Evə qayıdacaq. Türkiyə vaxtı ilə cümə axşamı səhər Vaşinqtonda olacaq", - Y.Paksoy Ağ Evin yüksək vəzifəli rəsmisinə istinadən bildirib.

Qeyd edək ki, Türkiyə mətbuatı Trampın avtomobil karvanındakı nəqliyyat vasitələrinin Ankaradakı şəkillərini yayıb. Bildirilir ki, Trampın avtomobil karvanına aid nəqliyyat vasitələri Türkiyə paytaxtına gətirilib. Məlumata görə, zirvə görüşünə hazırlıqlar davam edərkən, hava limanına hərbi nəqliyyat təyyarəsi eniş edib. Təyyarədə sammitdə iştirak edəcək 32 liderdən biri olan ABŞ Prezidentinin Ankarada istifadəsi üçün nəzərdə tutulmuş nəqliyyat vasitələri daşınıb.

Yük təyyarəsi ilə Ankaraya gətirilən nəqliyyat vasitələrinin şəkilləri yanacaqdoldurma məntəqəsində çəkilib.