Süleyman Şənsoy: Azərbaycanın müharibədə uğuru regionun inkişafına təkan verdi

Region
  • 21 mart, 2021
  • 02:54
Süleyman Şənsoy: Azərbaycanın müharibədə uğuru regionun inkişafına təkan verdi
Süleyman Şənsoy

Türkiyədə "İnkişaf və Əməkdaşlıq İnstitutu", "Siyasi Əlaqələr İnstitutu", "İctimai Diplomatiya İnstitutu" və digər tədqiqat, elmi-statistik araşdırma mərkəzlərini özündə cəmləşdirən Türk Asiya Strateji Araşdırmalar Mərkəzinin (TASAM) qurucusu və rəhbəri Süleyman Şənsoy Azərbaycanın öz torpaqlarını azad etməsi məqsədilə başladığı Vətən müharibəsini araşdırıb.

Bu barədə Süleyman Şənsoy "Report"un Türkiyə bürosuna açıqlamasında bildirib.

"Bu taktiki-strateji həmlələrin planlanma metodu, onun hansı şərtlər altında işlənib-hazırlanması və tətbiq edilməsi, region dövlətləri və hətta dünya dövlətləri üçün olduqca vacib əhəmiyyətə malik təcrübədir", - deyə o, qeyd edib.

"Müharibələr haqqında hərbi əməliyyatların gedişi zamanı analizlər aparıb, mülahizələr yürütməyi, qeyri-dəqiq məlumatların yayılması baxımından doğru hesab etmədiyimdən, müharibənin bitməsindən və bir çox məsələlərə aydınlıq gəlməsindən sonra apardığımız araşdırmalar sayəsində deyə bilərəm ki, 44 gün davam edən, əzmlə, doğru strategiya və texnologiya ilə qazanılan Vətən müharibəsi Azərbaycanda milli müdafiə sahəsində texnoloji, taktiki-strateji praqmatizmin mövcudluğunu sübut etdi. Azərbaycan Ordusunun müasir innovasiyalardan və modern tipli silahlardan məharətlə istifadəsi həqiqətən diqqətəlayiq faktordur. Azərbaycanın Vətən müharibəsində tətbiq etdiyi texnologiyalar regionda strategiya, təhlükəsizlik və hərb elmində ciddi səviyyədə inkişafa təkan verəcək", - Süleyman Şənsoy vurğulayıb.

Qeyd edək ki, 2003-cü ildə yaradılan TASAM (Türkiyə Asiya Strateji Araşdırmalar Mərkəzi), regionda və dünyada münaqişə ocaqlarındaki mövcud vəziyyətlə bağlı araşdırmalar aparıb, milli təhlükəsizlik, müdafiə, iqtisadi balanslaşdırma və sosial siyasət mövzularında yüzlərlə məqalələri dünyanın nüfuzlu mətbu orqanlarında çap olunub.

Natiq Çıraqzadə