Şalva Papuaşvili: Orta Dəhliz Cənubi Qafqaz regionunda investisiyaları artıracaq
- 23 noyabr, 2025
- 19:06
Orta Dəhliz Cənubi Qafqaz regionunda investisiyaları artıracaq və yeni perspektivlər yaradacaq.
"Report"un yerli bürosu xəbər verir ki, bunu Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili deyib.
O, Orta Dəhlizlə bağlı fikirlərini bildirərək, layihənin həm Gürcüstan, həm də bütün region üçün strateji əhəmiyyət daşıdığını qeyd edib. Ş.Papuaşvili Orta Dəhlizin açılmasının infrastruktur və iqtisadiyyat baxımından ciddi üstünlüklər yaratdığını vurğulayıb.
Onun sözlərinə görə, dəhliz ətrafında infrastruktur layihələrinin inkişafı ilə yanaşı, ümumilikdə regiona investisiyaların artması gözlənilir: "Bu, həm dəhliz ətrafında infrastruktur investisiyalarını, həm də ümumilikdə regiona investisiyaları artıracaq. Biz təşəbbüsü yalnız alqışlayırıq".
Parlamentin spikeri bəzi tənqidçilərin Orta Dəhlizin Gürcüstanın maraqlarına zidd olduğu barədə fikirlərinə belə cavab verib:
"Bu tənqidin müəlliflərinin kim olduğuna baxmaq maraqlıdır. Məqsəd regionu inkişafdan saxlamaq və təzyiq altında saxlamaqdır. Halbuki bu sülh sazişi bütün region üçün yeni perspektivlər açır. Bu, təkcə nəqliyyat dəhlizi funksiyası deyil – bu, bəzi ölkələrə əlavə yük deyil, əksinə, infrastrukturun inkişafı və daşıyıcılar üçün daha cəlbedici şəraitin yaradılması deməkdir".
Ş.Papuaşvili əlavə edib ki, rəqabətin artması dəhlizin cəlbediciliyini daha da yüksəldəcək və bu, regionda sabitlik siqnalı kimi çıxış edəcək.