Qazaxıstan, Qırğızıstan və Özbəkistan su və enerji balansı barədə razılığa gəlib

Region
  • 07 sentyabr, 2025
  • 20:13
Qazaxıstan, Qırğızıstan və Özbəkistan su və enerji balansı barədə razılığa gəlib

Qazaxıstan, Qırğızıstan və Özbəkistan arasında regionda su-enerji balansını tənzimləyən bir sıra protokollar imzalanıb.

"Report"un Qazaxıstan bürosunun məlumatına görə, sözügedən anlaşma hər üç ölkənin energetika və su təsərrüfatı qurumlarının rəsmi şəxslərinin görüşündə əldə olunub.

Əsas sənəd Toxtoqol su anbarından su buraxılması qarşılığında Qazaxıstan və Özbəkistandan Qırğızıstana elektrik enerjisi tədarükü üzrə tərəflərin öhdəliklərini təsbit edir. Həmçinin Rusiya Federasiyasından Qırğızıstana elektrik enerjisinin Qazaxıstanın enerji sistemləri vasitəsilə tranziti üzrə şərtlər razılaşdırılıb. Bu tədbirlər su anbarında lazımi su səviyyəsinin qorunması və qarşıdakı vegetasiya dövründə Qazaxıstanın cənub bölgələrinin suvarma suyu ilə təmin edilməsi məqsədinə xidmət edir.

Energetika naziri Erlan Akkenjenovun rəhbərliyi ilə Çolpon-Ata şəhərinə səfər edən Qazaxıstan nümayəndə heyəti ikitərəfli danışıqlar da keçirib. Özbəkistan tərəfi ilə 2026-cı ilin mart-dekabr dövrü üçün Qazaxıstana 900 milyon kVt/saat həcmində elektrik enerjisi tədarükünü nəzərdə tutan protokol imzalanıb. Bu həcm elektrik stansiyalarında aparılacaq təmir işləri zamanı Qazaxıstanın cənub enerji zonasındakı mümkün çatışmazlıqları qarşılamaq üçün nəzərdə tutulub.

"Su-energetika sahəsində iş maksimal dəqiqlik və cədvəllərə ciddi riayət tələb edir. İmzalanmış protokollar konkret rəqəmlər, müddətlər və qiymətləri əhatə edən işçi sənədlərdir", – görüşün nəticələrini şərh edən nazir bildirib:

"Biz tədarükün texniki şərtlərini təsbit etdik və mövcud məsələləri tənzimlədik. Qazaxıstan öz öhdəliklərini yerinə yetirir və tərəfdaşlardan da eyni yanaşmanı gözləyir. Bu, regionun enerji sistemləri və su təminatında sabitliyin əsasını təşkil edir".

Əldə olunmuş razılaşmalar qarşıdan gələn payız-qış dövründə risklərin azaldılmasına, eləcə də növbəti vegetasiya mövsümünə qədər su ehtiyatının yığılması üçün proqnozlaşdırıla bilən şəraitin təmin edilməsinə imkan yaradır ki, bu da Qazaxıstanın cənubundakı aqrar sektor üçün əsas amillərdən biridir.