Rusiyanın cənubundakı "İlski" neft emalı zavodu Ukrayna tərəfindən sıradan çıxarılıb
- 07 sentyabr, 2025
- 22:24

Rusiya Federasiyasının Krasnodar diyarında yerləşən "İlski" neft emalı zavodu Ukrayna Xüsusi Əməliyyat Qüvvələri (XƏQ) tərəfindən Rusiya ərazisində fəaliyyət göstərən partizanlarla birgə sıradan çıxarılıb.
"Report"un məlumatına görə, bu barədə Ukraynanın XƏQ-nin "Telegram" kanalında məlumat paylaşılıb.
"Sentyabrın 7-nə keçən gecə Xüsusi Əməliyyat Qüvvələri Rusiya Federasiyasının Krasnodar diyarında fəaliyyət göstərən müqavimət mərkəzi "Qara İskra" ilə birgə "İlski" Neft Emalı Zavodunda xüsusi əməliyyat həyata keçirib", – deyə məlumatda qeyd olunub.
Məlumata görə, planlaşdırılmış əməliyyat çərçivəsində xüsusi təyinatlılar və rusiyalı partizanlar zavodun əsas obyektini – "ELOU-AT-6" adlı emal qurğusunu tamamilə məhv ediblər. Bu obyekt zavodun fəaliyyətini təmin edən əsas qurğu olub.
"ELOU-AT-6" ildə 6 milyon ton xam neftin ilkin emal gücünə malik kompleksdir. Bu qurğu xam neftin su və duzlardan təmizlənməsini, daha sonra isə onu müxtəlif fraksiyalara ayıraraq benzin və dizel yanacağı kimi neft məhsullarının alınmasını həyata keçirir", – deyə XƏQ məlumatında bildirilib.