Qazaxıstan hökumətində son kadr dəyişikliklərinə aydınlıq gətirilib
- 29 sentyabr, 2025
- 09:38

Qazaxıstanda son kadr dəyişikliklərinin məqsədi dövlət fəaliyyətinin əsas istiqamətlərində işin səmərəliliyini artırmaqdır.
"Report"un Qazaxıstan bürosu məlumatına görə, bu barədə Akordanın mətbuat xidmətinin rəsmi məlumatında deyilir.
Qeyd olunur ki, söhbət planlı kadr rotasiyasından gedir.
Belə ki, Qazaxıstanın sabiq xarici işlər naziri Murat Nurtleu prezidentin köməkçisi təyin edilib. O, xarici ölkələrin nümayəndələri, eləcə də beynəlxalq investisiya və ticarət əməkdaşlığının fəal təşviqi məqsədilə ən böyük xarici şirkətlərin rəhbərləri ilə yüksək səviyyədə əlaqələrin inkişafına nəzarət edəcək.
Bundan əlavə, Jaslan Madiev baş nazirin müavini, süni intellekt və rəqəmsal inkişaf naziri olub. Onun üzərinə strateji vəzifə qoyulub – Qazaxıstanı rəqəmsal dövlətə çevirmək üçün prezidentin təşəbbüsünü həyata keçirmək.
Deputat Juldız Suleymenova maarif naziri təyin edilib. Akordada onun fəal ictimai fəaliyyəti və təhsil sahəsindəki təcrübəsi xüsusi qeyd edilib.