Qırğızıstan rəsmisi: TDT qlobal çağırışların öhdəsindən gəlmək üçün potensiala malikdir
- 29 sentyabr, 2025
- 11:19

Qlobal qeyri-müəyyənlik şəraitində Türk Dövlətləri Təşkilatı (TDT) həllərin mühüm mənbəyinə çevrilə bilər.
"Report" xəbər verir ki, bunu Qırğızıstan Prezidenti yanında Milli Strateji Təşəbbüslər İnstitutunun direktor müavini Şumkarbek Adilbek uulu Bakıda "Qlobal qeyri-müəyyənlik dövründə Türk Dövlətləri Təşkilatı regional aktor kimi " adlı konfransda bildirib.
Onun sözlərinə görə, müasir dünyada xaos yaşanır: Yaxın Şərqdəki hadisələr və Ukraynada müharibə həm də Mərkəzi Asiya ölkələri üçün təhdid və risklərin artdığını əyani şəkildə nümayiş etdirir.
"Qlobal çağırışlar - müharibələr, iqlim dəyişikliyi və hibrid təhdidlər qarşısında Türk Dövlətləri Təşkilatı daxilində əməkdaşlığı gücləndirmək son dərəcə vacibdir. Bu gün TDT Mərkəzi Asiya ölkələri, Cənubi Qafqaz və Anadolu arasında dəhlizə çevrilir, yəni təşkilatın böyük potensialı var", - Adilbek uulu qeyd edib.
O vurğulayıb ki, təşkilat kiberməkanda dezinformasiyaya qarşı mübarizə, iqlim risklərinin azaldılması və kritik infrastrukturun qorunması kimi sahələrdə problemləri həll etmək potensialına malikdir.