Pentaqon sözçüsü: “ABŞ-ın İncirlik bazasını tərk etdiyi barədə xəbərlər doğru deyil”

Region
  • 04 aprel, 2018
  • 07:07
Pentaqon sözçüsü: “ABŞ-ın İncirlik bazasını tərk etdiyi barədə xəbərlər doğru deyil”

Bakı. 4 aprel. REPORT.AZ/ “Türkiyənin İncirlik hərbi bazasını tərk etdiyimiz barədə xəbərlər həqiqəti əks etdirmir”.

“Report” TRT-yə istinadən xəbər verir ki, bunu Pentaqonun sözçüsü Conni Maykl ABŞ-ın silah deposunu İncirlikdən çıxaması barədə sualı cavablandırarkən bildirib.

“Türkiyə NATO-da müttəfiqimizdir. Türkiyənin İncirlikdəki hərbi hava bazası NATO və koalisiya üçün çox əhəmiyyətli rol oynamaqdadır. Belə xəbərlərin heç bir əsası yoxdur. ABŞ-ın Avropadakı qoşunlarına bağlı hərbçilərin xidmət etdikləri bölgələrdən hər hansı birini tərk etdiyimizə dair xəbərlərin heç bir əsası yoxdur. Bu xəbər etibarsızlığı artırmağa, birlikdə hərəkət etməyimiz, ortaq maraqlarımızı qorumağımızın vacib olduğu bir vaxtda bizi parçalayıb, bölməyə xidmət edir”, - o vurğulayıb.

Qeyd edək ki, aprelin 3-də ABŞ Türkiyənin Adana bölgəsindəki İncirlik hərbi hava bazasında yerləşdirdiyi “Armag” mobil silah deposunu başqa yerə köçürdüyünə dair məlumat yayılıb. Buna səbəb olaraq, deponun İncirlikdə qalmasına ehtiyac olmadığı göstərilib. Məlumata görə, depo müharibə əməliyyatlarının həyata keçirildiyi başqa bir bazaya aparılıb. Amma həmin bazanın hansı ölkədə yerləşdiyi açıqlanmayıb.