Yalçın Camalov: "Azərbaycanda 46 min hektardan çox ərazidə müasir suvarma sistemləri quraşdırılıb"
- 06 may, 2026
- 11:46
Azərbaycanda son 5 ildə 46 min hektardan çox ərazidə müasir suvarma sistemləri quraşdırılıb.
"Report" xəbər verir ki, bunu Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki Aqrar Kredit və İnkişaf Agentliyinin İdarə Heyətinin sədri Yalçın Camalov jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, hazırda Agentliyin strateji istiqaməti əkin subsidiyasından məhsul subsidiyasına keçid etməkdir: "Əvvəlki illərdə, məsələn, pambıq, şəkər çuğunduru və tütünə görə məhsul subsidiyası verirdiksə, artıq günəbaxan, qarğıdalı, soya, alma və nar bitkisinə görə də məhsul subsidiyası verəcəyik. Eyni zamanda dövlət damazlıq heyvanların dəyərinin 60 %-nə subsidiya tətbiq edir. Yəni fermerlərin satın aldıqları damazlıq heyvanların 60%-i dövlət tərəfindən maliyyələşdirilir. Kənd təsərrüfatı təyinatlı texnika və avadanlıqların isə 40 %-i dövlət tərəfindən ödənilir".
O əlavə edib ki, müasir suvarma sistemlərinin tətbiqi xüsusi əhəmiyyət kəsb edir: "Məsələn, son 5 il ərzində müasir suvarma sistemlərinin dəyərinin subsidiyalaşdırılması nəticəsində 46 min hektardan çox ərazidə müasir suvarma sistemləri quraşdırılıb. Fermerlər eyni zamanda güzəştli kreditlərlə də dəstəklənir. Aqrar Kredit və İnkişaf Agentliyi dövlət təminatlı mikrokreditlər, texnika kreditləri və nağd kreditlər təqdim edir".
Y.Camalov vurğulayıb ki, özəl sərmayələrin aqrar sahəyə cəlb edilməsi məqsədilə faiz subsidiyasının tətbiqinə başlanılır: "2026-2027-ci əkin təsərrüfat ilindən etibarən fermerlərimiz banklardan kredit götürə biləcəklər. Onlar məhsulu bir il sonra əldə edib satdıqdan sonra kreditin əsas məbləğini ödəyəcəklər. Cari il üzrə subsidiyaların verilməsi davam edir, hələ proses tamamlanmadığı üçün hansısa məbləğ qətiləşdirmək doğru olmaz. Çünki maliyyə ilinin sonunda bu daha dəqiq rəqəmlər olacaq".